
Bir müddət əvvəl saytımıza müsahibə verən Pənahəli xanın varisi Tural İbrahimov, ailəsi ilə birlikdə öz dədə-baba yurduna səfər edib.
Gununsesi.info xəbər verir ki, Şuşanın banisi, Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslindən olan Tural İbrahimov ailə üzvləri ilə birlikdə ata yurduna – Şuşa şəhərinə səfər edib.
Onlar Şuşa qalasında, Saatlı məscidində və Pənahəli xanın adını daşıyan küçədə fotolar çəkdirərək, həm tarixi mirasa hörmətlərini ifadə ediblər, həm də nəsil bağlılığını nümayiş etdiriblər.
Bu səfər həm simvolik, həm də mənəvi dəyəri ilə diqqət çəkir.
Qarabağın azad olunmasından sonra Şuşaya ayaq basmaq, xüsusilə də bu torpaqların əsasını qoymuş bir nəslin varisi olaraq dərin mənalar daşıyır.
Tural İbrahimovun ailəsi ilə birlikdə etdiyi bu ziyarət, sadəcə bir səfər deyil, tarixə qayıdış və mədəni kimliyin ifadəsidir.
Ziyarət zamanı çəkilən fotolarda ailə üzvlərinin Şuşa qalasının divarları önündə, Saatlı məscidinin həyətində və Pənahəlixan küçəsində birlikdə dayanaraq tarixi hiss etdikləri aydın görünür. Hər kadrda vətən sevgisi, nəsil qüruru və tarixə bağlılıq hiss olunur.
Tural İbrahimov Gununsesi.info-ya açıqlamasında bu səfərin onun və ailəsi üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Babamızın qurduğu şəhəri ailəmlə birgə ziyarət etmək mənim üçün həm qürur, həm də böyük məsuliyyətdir. Şuşa bizim üçün təkcə bir şəhər deyil – bu, tariximiz, yaddaşımız və gələcək nəsillərə ötürəcəyimiz mirasdır”.
Elmar