Kanada yeni Baş naziri seçdi: ABŞ-yə qarşı balanslar dəyişir

  • By Günel
  • 10 Mart 2025 12:01

Kanadanın yeni Baş naziri Mark Karni ABŞ ilə artan ticarət gərginliyi fonunda vəzifəsinin icrasına başlayıb. Tramp administrasiyasının idxal tarifləri təhlükəsi ilə üzləşən Karni ölkənin iqtisadi müstəqilliyini qoruyacağına söz verib. Liberal Partiyasını yenidən gücləndirməyi qarşısına məqsəd qoyan keçmiş mərkəzi bank rəhbəri siyasi balansı dəyişə biləcəkmi?

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kanadanın hakim Liberal Partiyası keçmiş mərkəzi bank rəhbəri Mark Karnini yeni lider və baş nazir seçib.

Bazar günü elan edilən nəticələrə görə, Karni 131,674 səs və 86 faiz dəstəklə qalib gəldi.

Keçmiş Baş nazir Castin Trüdonun maliyyə naziri olan Xristia Friland isə cəmi 11 min 134 səs toplayıb. Trüdo yanvar ayında partiyadaxili iğtişaşlar və ictimai dəstəyin itirilməsi fonunda istefa vermişdi.

Karni Liberal Partiyasını yenidən birləşdirəcəyini, iqtisadi sabitliyə və sosial ədalətə üstünlük verən idarəetmə tərzini qəbul edəcəyinə söz verib:

“Mən Kanadanı hamı üçün daha güclü bir ölkə etmək üçün buradayam” , – deyə bildirib.

Karninin səlahiyyət müddəti ABŞ tariflərinin kölgəsində başladı. ABŞ prezidenti Donald Tramp Kanada ixracatına geniş rüsumlar tətbiq etməklə hədələyib və Kanadanın “ABŞ-nin 51-ci ştatı”na çevrilməli olduğunu deyib.

Karni seçim kampaniyası boyu Trampın iqtisadi təzyiqinə tab gətirmək üçün ən təcrübəli namizəd olduğunu vurğulayıb:

“Amerikalılar bizə hörmət göstərənə qədər tarifləri qüvvədə saxlayacağıq”.

Ölkəsinin yeni və etibarlı ticarət tərəfdaşları tapmalı olduğunu iddia edən Karni, iqtisadiyyatı gücləndirmək üçün G7 daxilində ən dinamik artımı təmin edəcək siyasətlər hazırlamağa söz verdi.

Liberal Partiyasının anketlərdə mühafizəkar rəqibi Pierre Poilievreyə qarşı səsvermədə geridə qalması çoxdan məlumdur. Ancaq Trampın Kanadaya qarşı ritorikası və Karninin Baş nazir kürsüsünə yüksəlməsi siyasi tarazlığı dəyişdi.

Ottavada yerləşən Abacus Data tədqiqat firmasının baş direktoru David Coletto iki ay əvvəl Liberal Partiyasının rəhbərliyinin çıxılmaz bir nöqtə kimi göründüyünü bildirdi:

“Tramp sayəsində Karni dördüncü dəfə Liberal Partiyasını qələbəyə aparma şansına sahib oldu”.

Angus Reid sorğusuna görə, kanadalıların 43 faizi Karninin Trampla mübarizə aparmaq üçün ən yaxşı namizəd olduğunu düşünür, 34 faizi isə Poilievreni dəstəkləyir.

Gununsesi.info