İsrail Türkiyəni NATO-dan çıxarmağa çağırır

İsrail Türkiyənin NATO-dan çıxarılmasını istəyir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər naziri İsrael Katz bəyanat yayıb.

Bəyanatda deyilir: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraili işğal etmək təhdidləri və təhlükəli ritorika fonunda,Türkiyənin mühakimə olunmasını və alyansdan çıxarılmasını tələb edərək, təcili olaraq NATO üzvləri ilə əlaqə saxlanılsın”.

Qeyd edık ki, Ərdoğanın Ədalət və İnkişaf Partiyasının Rizedə İl Təşkilatında çıxışı zamanı İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlara fələstinlilər adına müdaxilə edə biləcəyini deməsindən sonra iki ölkə arasında gərginlik artıb.

Bir neçə gün öncə Türkiyənin Yaxın Şərqdəki gücünün əhəmiyyətini vurğulayan Türkiyə prezidenti Ərdoğan, İsrailin hücumlarının artmasına qarşı “Qarabağa və Liviyaya girdiyimiz kimi onlara da eynisini edəcəyik. Bizim edə bilməyəcəyimiz bir şey yoxdur” – deyə vurğulamışdır.

Xatırladaq ki, bir neçə gün öncə İsrailin Xarici işlər naziri Katz “Orada baş verənləri və bunun necə bitdiyini xatırlamalıdır” başlıqlı paylaşımında prezident Ərdoğan və İraqın devrilmiş lideri Səddam Hüseynin yan-yana fotolarını paylaşmışdır.

O, paylaşımında “Ərdoğan Səddam Hüseynin izi ilə gedir və İsraili hücumla hədələyir. Ərdoğan orada nə baş verdiyini və bunun necə bitdiyini xatırlamalıdır”– deyə fikir bildirmişdir.

 

 

 

Günel

Gununsesi.info