Polşa sərhədçiləri silahlardan sərbəst istifadə edəcək

“Polşa sərhədçiləri sərhəddə təhlükə yaranarsa, silahdan istifadə etməkdə daha sərbəst olacaqlar”.

Gununsesi.info Polşa mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.

Nazir müavini qeyd edib ki, əsasnamə elə dəyişdiriləcək ki, əsgər sərhəddə onun bütövlüyünü qoruyarkən, özünün və ya həmkarlarının həyatını qoruyarkən silahdan istifadə edilməsinə heç vaxt şübhə etməsin:

“Əsgərin sərhəddə silahdan istifadə etmək hüququ var və bundan istifadə edəcək. Əgər kimsə bunun əksini düşünürsə, deməli, o, sadəcə olaraq yalançıdır”.

Xatırladaq ki, mayın 28-də Belarusla sərhəddə yerləşən Dubiçe-Tserkevne kəndi yaxınlığında daş, nizə və sınmış şüşə ilə silahlanmış bir qrup miqrant Polşa əsgərlərinə hücum edib. Bir əsgər isə bıçaqla yaralanıb.

Sonradan məlum olub ki, yaralı polşalı əsgər miqrantın hücumundan sağ çıxmayıb.

Bununla əlaqədar Polşa hakimiyyəti sərhəddə silahdan istifadə qaydalarına dəyişiklik etmək qərarına gəlib.

 

 

İlhamə

Gununsesi.info