
2 gün öncə Təhlükəsizlik Qüvvələri tərəfindən həbs olunan siyasi məhkum Abbas Lisani ikiillik sürgün cəzasını çəkmək üçün məcburu şəkildə Yəzd şəhərinə aparılıb.
Gununsesi.info xəbər verir ki, Abbas Lisani ailəsi ilə telefon danışığında Yəzd şəhərinə köçürüldüyünü bildirib.
Cənab Lisani onu da bildirib ki, Yəzd şəhərinə köçürüldükdən sonra təhlükəsizlik qüvvələri tərəfindən bu şəhərin kəşfiyyat idarəsinə aparılıb. Ona verilən qərara və qanuna əsasən, məcburi yaşamaq cəzasını burada çəkməli olduğunu, əks təqdirdə cəzanın artırılacağı barədə xəbərdarlıq edilib. Lakin cənab Lisani bu qərara “Mən gücüm çatan qədər heç bir zalım hakimiyyətə boyun əyməyəcəyəm”, – deyərək cavab verib.
Ailəsinin dediyinə görə, o, Yəzd Kəşfiyyat İdarəsindən ayrıldıqdan dərhal sonra Cənubi Azərbaycanın Ərdəbil vilayətinə qayıtmaq üçün avtovağzala gediblər.
Xatırladaq ki, 31 avqust 2024-cü il tarixində, təhlükəsizlik və polis qüvvələri keçmiş siyasi məhbus və milli hərəkatın tanınmış fəalı Abbas Lisaninin Ərdəbil şəhərindəki evinə hücum edib, onu özləri ilə aparıblar.
Həbsdən sonra təhlükəsizlik qüvvələri Lisaninin evində axtarış aparıb, ona məxsus şəxsi əşyaları, o cümlədən evin təhlükəsizlik kameralarının DVR cihazını müsadirə ediblər.
Abbas Lisani, bundan əvvəl 5 avqust 2024-cü ildə sürgün cəzası ilə bağlı məhkəmənin göndərdiyi çağırışı qanunsuz adlandıraraq ona məhəl qoymayıb.
Xatırladaq ki, Abbas Lisani, 21 fevral 2023-cü il tarixində 4 il 2 aylıq həbs cəzasını çəkdikdən sonra, “ümumi amnistiya və cəzaların azaldılması” haqqında fərman əsasında Ərdəbil həbsxanasından azad edilib.
Keçmiş siyasi məhbus məcburi sürgün cəzasını çəkmək üçün Yəzd şəhərinə göndərilsə də, o, Yəzd şəhərinə çatdıqdan sonra bu cəzanı qanunsuz adlandıraraq Ərdəbilə qayıdıb.
Məhkəmə qərarları ilə bağlı işin vəkili Seyid Məhəmmədrza Fəqihi bildirib ki, əgər cənab Lisani ümumi amnistiya ilə azad edilibsə, Yəzd şəhərindəki məcburi sürgün cəzası da həmin amnistiyaya daxil olmalı idi.
“Bu səbəbdən, milli fəalın azadlığa buraxıldıqdan sonra Yəzd şəhərinə köçürülməsi və cəzasının artırılmasının hüquqi əsası yoxdur”.
Günel Həsənova
Gununsesi.info