Baş nazirin sabiq müavininin qızı da deputat oldu

  • By admin
  • 02 Sentyabr 2024 08:37

Uzun illər Azərbaycan baş nazirinin müavini olmuş xalq yazıçısı Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva da deputat mandatı qazanan namizədlərdən olub.

 

Gununsesi.info-nun xəbərinə görə, Günay Əfəndiyeva 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputat mandatı qazanıb.

Bakıda doğulan və uşaqlıqdan mədəniyyət və incəsənət mühitində böyüyən Günay Əfəndiyeva əvvəlcə Bülbül adına Musiqi məktəbini qızıl medalla bitirib. Daha sonra Azərbaycan Tibb İnstitutunun qırmızı diplomlu məzunu olub. Az bir müddətdə ixtisası üzrə işləyən G.Əfəndiyeva sonra Türkiyədə diplomatik fəaliyyətə başlayıb. Belə ki, o, 2004-cü ildə Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda işə qəbul edilib və bununla da Günay Əfəndiyevanın diplomat karyerası başlayıb.

G.Əfəndiyeva 4 il (2004-2008) Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb.

Daha sonra o diplomatik fəaliyyətini Azərbaycanda davam etdirib. Belə ki, o, İstanbuldakı faəliyyətini başa vurub Bakıya qayıdandan sonra YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsinə təyin olunub.

 

Afət Abbasova

Gununsesi.info