Cənubi Azərbaycan Milli Hərəkatının lideri Abbas Lisani həbs edilib - Evində axtarış aparılıb

  • By Günel
  • 31 Avqust 2024 20:28

Bu gün Cənubi Azərbaycanın tanınmış milli-mədəni fəalı Abbas Lisani saxlanılıb.


Gununsesi.info
xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində məlumat yayılıb.

Güney Azərbaycan milli hərəkatının liderlərindən olan tanınmış fəal Abbas Lisani İran Təhlükəsizlik Qüvvələri tərəfindən saxlanılıb.

İran Təhlükəsizlik Qüvvələri tanınmış azərbaycanlı siyasi fəalı tutduqdan sonra, onun evini axtarmış və bəzi ona məxsus şəxsi əşyaları, xüsusilə evin təhlükəsizlik kameralarının DVR (rəqəmsal video yazıcı-red) cihazını müsadirə ediblər.

Milli fəalın həbs səbəbi barədə açıqlama verilməsə də, həbsin, onun Yəzd şəhərinə 2 illik sürgün cəzasından imtina etməsi ilə bağlı olduğu ehtimal olunur.

Xatırladaq ki, Abbas Lisani, 21 fevral 2023-cü il tarixində 4 il 2 aylıq həbs cəzasını çəkdikdən sonra, “ümumi amnistiya və cəzaların azaldılması” haqqında fərman əsasında Ərdəbil həbsxanasından azad edilib.

Keçmiş siyasi məhbus məcburi sürgün cəzasını çəkmək üçün Yəzd şəhərinə göndərilsə də,  o, Yəzd şəhərinə çatdıqdan sonra bu cəzanı qanunsuz adlandıraraq Ərdəbilə qayıdıb.

Məhkəmə qərarları ilə bağlı işin vəkili Seyid Məhəmmədrza Fəqihi bildirib ki, əgər cənab Lisani ümumi amnistiya ilə azad edilibsə, Yəzd şəhərindəki məcburi sürgün cəzası da həmin amnistiyaya daxil olmalı idi.

Bu səbəbdən, milli fəalın azadlığa buraxıldıqdan sonra Yəzd şəhərinə köçürülməsi və cəzasının artırılmasının hüquqi əsası yoxdur.

Qeyd edək ki, ərdəbilli siyasi fəal, şair və yazıçı Abbas Lisani, İrandakı türklər arasında kimlik hərəkatlarının fəallarındandır, rejimə və zorakılığa qarşı hərəkatların öncüllərindəndir.

Abbas Lisani göstərdiyi fəaliyyətlər səbəbilə təqribən 20 il ərzində dəfələrlə həbs, mühakimə, təhdid və digər təzyiqlərə məruz qalıb. O, Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb. Siyasi fəal həbsdə saxlanıldığı dönəmlərdə işgəncəyə məruz qaldığını bildirib.

Günel Həsənova

Gununsesi.info