BRICS-ə qoşulmaq Azərbaycanı avrointeqrasiyadan çəkindirəcəkmi? - AZƏRBAYCAN BİR NEÇƏ DƏHLİZİN MƏRKƏZİ OLMAQ İSTƏYİR

 Azərbaycanın son zamanlar  BRICS-ə üzv olmaq istəyi barədə müzakirələr davam edir. Əvvəllər proqnoz kimi səsləndirilən bu fikirlər artıq reallığa çevrilməkdədir. 

Milli Məclisin sədri Sahibə Qafarovadan sonra  Xarici İşlər Nazirliyi də bu barədə mövqe bildirib.

Onu da deyək ki, rəsmi Bakının BRİKS-ə üzv olmaq üçün müraciət etməsi Rusiya və Qərb mediasında reaksiyalara doğurub .

Ölkə Prezidentinin də qeyd etdiyi kimi, Azərbaycanın BRİKS-ə qoşulması həm Azərbaycan, həm də blok üçün həqiqətən faydalı addım olaraq dəyərləndirilə bilər.

Rusiya və digər BRİKS dövlətləri, xüsusən də Çin bu qərara sevinir, çünki Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. 

Bəs görəsən BRİKS-ə üzv olmaq Azərbaycana nə verəcək?  Azərbaycanın Qərblə tərəfdaşlığına eyni zamanda Avropaya inteqrasiya kursuna hansi təsiri ola bilər?

Gununsesi.info-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyir ki, BRICS-ə üzv olmaqla Azərbaycanın yürütdüyü siyasət heç bir hərbi bloka qoşulmamaq, hərbi güclərin yanında yer almamaq, hansısa bölücülük və yaxud münaqişə yaradacaq siyasətlərə qoşulmaq demək deyil.

“BRICS əslində, bugün dünyada artıq güc mərkəzlərindən birinə çevrilən iqtisadi bir təşkilatdır .Brazilya, Rusiya, Hindistan, Çin, Cənubi Afrikanın yaratdığı böyük bir təşkilatdır və artıq 9 üzvü var. Eyni zamanda Ərəb Əmirlikləri, Misir, Efiopiya, İran da bu siyahıya daxildir. Azərbaycan da bu təşkilatın onuncu üzvü ola bilər. BRICS-ə üzv olmaqla Azərbaycan “banduq prinsipləri” əsasında, yəni qoşulmama hərəkatının prinsipləri əsasında öz siyasətini yürüdür. Azərbaycan 4 il Qoşulmama Hərəkatına uğurla rəhbərlik edib və bu gün də həmin o hərəkatın üzvüdür. Biz bu gün nəinki ayrı-ayrı hərbi bloklara qoşulur, əksinə biz bu gün dünyada qarşıdurmaların dayandırılması, müstəmləkəçilik siyasətinə son qoyulması, xalqların, millətlərin, insanların, toplumların sümürülməsi siyasətinin qarşısının alınması ilə bağlı siyasət ortaya qoyuruq”.

Politoloq Xəyal Bəşirov vurğulayır ki, bəzi qüvvələrin səsləndirdiyi “Azərbaycanın BRICS-ə deyil, Avropa Şurasına, Avropa İttifaqına və digər Qərb institutlarına qoşulmalıdır” fikirləri yanlışdır: “İkinci Qarabağ müharibəsindən sonra həmin o Qərb institutları keçmiş münaqişənin həlli ilə bağlı öhdəlikləri öz üzərlərinə götürmüşdür və bu barədə Azərbaycanın əlində kifayət qədər əsaslar var idi. Onlar tərəfindən heç bir addımlar atılmadı. Əksinə keçmiş o münaqişənin qorunub saxlanılması, onun uzadılması istiqamətində proseslər gedirdi. Bütün bunlara baxmayaraq, Azərbaycan yenə də Qərb dövlətləri ilə bağlı münasibətlərini qoyub saxlamağa çalışırdı. Bu gün də Azərbaycanın Qərblə heç bir problemi yoxdur. Azərbaycan və Avropa İttifaqının 10 üzvü ilə ikitərəfli qaydada strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Azərbaycan Avropa İttifaqına enerji resurslarının ixrac edilməsi ilə bağlı çox böyük layihələri davam etdirir. Qaz ixracının artırılmasında addımlar atılır. Eyni zamanda yaşıl enerji, alternativ və bərpa olunan resurslarının Avropaya ixrac edilməsi ilə bağlı danışıqlar davam edir. Bir daha qeyd edirəm bizim Avropa və digər Qərb institutları ilə heç bir ciddi problemimiz yoxdur. Sadəcə, Avropa İttifaqına üzv olan bəzi dövlətlər Azərbaycanın atdığı uğurlu adımlarını, regionda formalaşdırdığı yeni reallıqlarını qəbul etmək istəmirlər. Təbii ki, ümumimilli və dövlətçilik maraqlarımız tələb edirsə, biz bu cəhdlərə qarşı mövqeyimizi ortaya qoymalıyıq”.

 

Xəyal Bəşirov qeyd edir ki, BRICS-ə üzv olmaq Azərbaycanın geoiqtisadi baxımından siyasətinin diversifikasiyasıdır: “Azərbaycan Şərqlə Qərb arasında yerləşir. Biz Mərkəzi Asiya ölkələrinin enerji resurslarının dünyaya ixrac edilməsi ilə bağlı birləşdirici rolu öz üzərimizə götürmüşük. BRICS-ə üzv olmaqla Azərbaycan, konkret olaraq Qərb dünyasından, Qərb bazarından asılı olmamaq üçün özün iqtisadiyyatının diversifikasiyasını həyata keçirir. Gələcəkdə bu addımlar bizim hazırki məqamda nə dərəcədə uzaqgörən siyasət yürütdüyümüzü göstərəcək. Çünki bugün dünya birqütblü dünyadan asılı olan dövlətlərin və yaxud birvektorlu siyasət yürüdən dövlətlərin sonda müqəddəratını görmüşük. Ermənistan bu gün Şimaldan üz döndərərək Qərb istiqamətində birvektorlu siyasətdən yana olduğunu göstərir. Düşünmürəm ki, Ermənistanın bu siyasətinin sonu ona uğur gətirəcək. Azərbaycan çoxvektorlu siyasət ortaya qoyur. Bu, çoxvektorlu siyasəti ortaya qoymaqla biz əslində Qərbdən və yaxud digər regionlardan üz döndürmək niyyətində deyilik. Əksinə biz dövlətimizin balanslaşdırılmış çoxvektorlu siyasətini yürütməklə, dövlətimizin gələcəkdə hansısa qüvvələrdən, konkret dövlətlərdən və təşkilatlardan asılı olmaması üçün əlimizdən gələni edirik. Bu da, Azərbaycanın hazırkı məqamdə qarşısına qoyduğu böyük layihələri reallaşdırmaqla yanaşı, həm də iqtisadiyyatının gücləndirməklə də dünyada baş verən proseslərlə bağlı nüfuzunun artırılmasına gələn bir reallığı həyata keçirməkdir.

 

İqtisadçı ekspert Natiq Cəfərli də deyir  ki, BRICS nə hərbi, nə də siyasi bir təşkilatdır:

“BRICS sırf ticarət, gömrük-vergi rejiminin sadələşdirilməsi, investisiyaları asalaşdırılması üçün düşünülmüş bir təşkilatdır. BRICS-ə bir neçə dünya dövlətləri üzvdür. Məsələn Braziliya. Ölkə Latın Amerikasının ən böyük demokratiyası sayılır və 300 milyondan çox əhalisi var. Daha sonra Afrika Qitəsinin ilk demokratik ölkələrindən biri olan Afrika siyahıya daxildir. Hindistan isə dünyanın ən böyük elektron demokratiyası  sayılır.

Ölkədə 900 milyona yaxın seçici qeydiyatdadır, fərqli-fərqli idarə etmə sistemi var. Siyahıya daxil olan daha bir ölkə olan Çinin iqtisadiyyat sistemi demək olar ki, Avropa və Amerikada olduğu kimi liberaldır. Kiçik orta sahibkarların sayı təqribən 400 milyondur. Elektran demokratiya yoxdur amma fərqli-fərqli idarəetmə sistemi və liberal iqtisadiyyat model eləmentləri var. Qiymətli kağızlar və valyuta birjası, böyük şirkətlərin zavodları, fabrikaları var. Rusiya isə təbii ki, bir az fərqlidir. Bu, ölkələr arasında ən çox seçilən ölkələrdən biridir və elektron demokratiyası yoxdur. Sırf liberal bazar iqtisadiyyatı mövcud deyil, daha çox dövlət kapitalizm modelidir. Üzvlük siyahısında bu ölkələri səciyyələndirsək Rusiyadan başqa hansısa bir formada dünya trendindən kənarda qalan ölkəni görmək çətindir. Çinin özü ABŞ və Avropa qitəsi ilə ümumi ticarət dövriyyələri 1,2 trilyon dollardır. Yəni Çinin elə ən yaxın ticarət tərəfdaşı ABŞ və Avropa qitəsidir. Rusiya ilə müqayisədə onların ticarət dövriyyəsi 8 dəfə çoxdur”.

İqtisadçı ekspert qeyd edir ki, Çinlə yaxınlaşmaq, Qərbdən uzaqlaşmaq anlamına gəlmək deyil.

O, vurğulayır ki,  Azərbaycan sırf iqtisadi modeldə Cənubi Qafqaz ölkələrin arasında Qərbə ən çox inteqrasiya olunmuş ölkədir: “Bizim ticarət dövriyyəmizin 75-80%-i  Qərb ölkələrinin payına düşür. Xarici investisiyalara baxdıqda 87%-ə yaxını Qərb ölkələrinin və Türkiyənin payına düşür. Bu nöqteyi nəzərdən də Azərbaycan Qərbə daha çox indiqrasiya olunmuş ölkədir. BRICS-ə aid olan ölkələrdən biz daha çox məhsul alırıq, nəinki satırıq.  Məsələn, Rusiyaya və Çinə biz demək olar ki, çox az məhsul satırıq. Ticarət dövriyyəsində hər iki ölkədə mənfi saldo olur. Biz Çindən və Rusiyadan da daha çox mal alırıq, nəinki satırıq. Amma Avropaya əksinədir, biz daha çox məhsulla mal satırıq, (əsasən də enerji daşıyıcıları) amma daha az alırıq. Əgər Azərbaycana Çindən, Rusiyadan, Hindistandan, Brazilyadan daha ucuz məhsullar alacaqsa və ya həmin ölkələr əsasən də Çin, Brazilya investorlarının Azərbaycana gəlməsinə yardımcı olacaqlarsa BRICS-ə üzv olmaqda heç bir siyasi təhlükə yoxdur. Yox əgər bu sırf Azərbaycana kiçik də olsa bir bazar kimi baxan ölkələr olacaqlarsa və biz bu əməkdaşlıqdan daha çox idxalçı kimi yararlanacağıqsa, yəni bu ölkələr Azərbaycana daha çox məhsul satmağı düşünəcəklərsə bu zaman Azərbaycan öz məhsullarının itxalında yenə Qərbdən asılı vəziyyətdə qalacaq. Çünki bizim təəssüf ki, qeyri-neft sektorunda ixracatımız və istehsalımız çox aşağı səviyyədədir. İxracatımızın əgər 91%-ni neft, neft məhsulları və təbii qaz təşkil edirsə və biz bunun tamamına yaxınını Qərb ölkələrinə satırıqsa, o zaman belə çıxır ki, biz enerji daşıyıcılarımızı Qərbə satacayıq, Şərqdən isə əsasən Çindən, Hindistandan və Rusiyadan isə məhsul alacayıq. Bu bir tərəfdən daxili bazarda müəyyən bolluğa səbəb olsa da, amma digər tərəfdən daxili qeyri-neft sektorunun inkişafına ən böyük maniyyətçiliklərdən birinə çevriləcək. Çünki biz nə istehsal etməyə başlasaq belə, təəssüf ki, bizdə istehsal çox zəifdir amma istənilən halda biz Çindən daha ucuz məhsul istehsal edə bilməyəcəyik. Bu nöqteyi nəzərdən, bu təhlükələri də nəzərə almaq lazımdır”.

Azərbaycanın logistik mərkəzdə olmaq istədini bildirən Natiq Cəfərli ölkənin BRİCKS-ə üzvlüyünü emosional addım olaraq hesab etmir: “Qeyd etdiyim kimi, Hindistan, Çin, o cümlədən Braziliya, Avropa Birliyinin və ABŞ-ın ən böyük tərəfdaşlarıdır.  Əgər emosional bir vəziyyət olarsa Avropa Birliyi nə Çin, nə Braziliya ilə və yaxud da Hindistanla əməkdaşlıq etməz. Məsələyə qlobal baxsaq Azərbaycan sadəcə müxtəlif formatlarda özünə yer axtarır. İndi fraqmentaldan dünya mərhələsindəyik. Əvvəl qlobal bir dünya, bazar var idisə indi bu fraqmentallaşır. Yəni dünyada bir neçə güc mərkəzləri və ticarət alyansları yaranır. Azərbaycan bu ticarət alyanslarında hələlik özü üçün BRICS-in daha uğurlu olacağını düşünür. Azərbaycan Şərq-Qərb, Cənub-Şimal dəhlizlərinin mərkəzi olmaq istəyir və burada da BRICS ölkələri önəmlidir”.

 

 

 

 

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info