8 Noyabr – Zəfər Günü Cəbrayıl şəhərində təntənəli şəkildə qeyd olunub. Tədbirlər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Mədəniyyət Nazirliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və nümayəndələri, habelə ətraf rayonların sakinləri iştirak ediblər.
Tədbir çərçivəsində Zəfər Günü münasibətilə vətənpərvərlik mövzusunda məktəblilərin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərginin əsas məqsədi Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətini təbliğ etmək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, milli-mənəvi dəyərlərə bağlılığı gücləndirmək olub. Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları, pedogoji heyətin iştiraki ilə baş tutan sərgi iştirakçıları ilə maarifləndirici söhbətlər aparılıb, Zəfər tariximizin əhəmiyyəti, Vətənə sevgi və milli birlik mövzularında fikir mübadiləsi edilib. Eyni zamanda, tədbirdə yerli sakinlərin əl işlərin ibarət sərgi-satış təşkil olunub. Tədbir zamanı dəvət olmış şəhid ailələrinin üzvləri ilə görüşülüb, onların qayğıları dinlənilib.
Daha sonra Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə konsert proqramı təqdim olunub. Vətən müharibəsi iştirakçısı və qazi Məbud Əhmədovun ifaları ilə davam edən konsert məktəblilərin hazırladığı rəqs və bədii qiraət nümunələri ilə daha da rəngarəng və yaddaqalan olub.











