Prezidenti impiçmentlə vəzifəsindən uzaqlaşdırıldı – Həbs edildi

  • Müəllif: Orxan
  • 07 Noyabr 2026 09:53

Paraqvay Senatı noyabrın 6-da impiçment prosedurunun nəticələrinə əsasən, Prezident Santyaqo Penyanı vəzifəsindən kənarlaşdırıb. Daha sonra prokurorluğun qərarı ilə keçmiş dövlət başçısı Asunsiondakı şəxsi iqamətgahında saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “ABC Color” nəşri məlumat yayıb.

Bildirilib ki, keçmiş prezident prokurorluğun İqtisadi Cinayətlər və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin sərəncamına verilənədək ev dustaqlığında qalacaq.

Penyaya qarşı impiçment qərarının lehinə 44 senator səs verib. O, “Ueno” bankı ətrafında yaranmış böhran, pensiya fondları ilə bağlı problemlər və dövlət vəsaitlərindən maliyyə strukturunun maraqları naminə istifadə edilməsi ittihamları fonunda vəzifə öhdəliklərini lazımi qaydada yerinə yetirməməkdə təqsirli bilinib.

Senatın qərarından sonra prezident səlahiyyətləri vitse-prezident Pedro Alyanaya keçib. O, elə həmin gün and içərək vəzifəsinin icrasına başlayıb.

Noyabrın 6-da axşam saatlarında Milli Polisin əməkdaşları Penyanın şəxsi iqamətgahına gələrək ona prokurorluğun qərarı barədə məlumat veriblər.

EFE agentliyi və “ABC Color” qəzetinin məlumatına görə, keçmiş prezident rəsmi olaraq saxlanılıb. O, istintaq orqanlarına təhvil verilənədək polis nəzarəti altında evində saxlanılacaq.

İstintaq “Ueno” bankı ətrafında baş verən iqtisadi cinayətlərlə bağlıdır. Eyni iş üzrə prokurorluq Paraqvay Mərkəzi Bankının keçmiş rəhbəri Karlos Karvalyo Spaldinqin də saxlanılması barədə qərar verib.

Penyaya qarşı impiçment və onun sonradan saxlanılması ölkədə kəskin siyasi və maliyyə böhranı fonunda baş verib.

“Ueno” bankının üzləşdiyi problemlər milyonlarla müştəriyə təsir edib. Müştərilərin vəsaitlərinə çıxışın məhdudlaşdırılması isə əmanətçilər və pensiyaçılar arasında narahatlıq yaradıb.

Gununsesi.info