Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7-dən 10-dək Bakıdan Qəbələ və Ağstafaya, noyabrın 8-də isə Gəncədən Mingəçevirə əlavə qatar reysləri təşkil olunacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) məlumat yayıb. Qurum dörd günlük tətil ərzində gücləndirilmiş iş rejimində çalışacaq.
Noyabrın 7-dən 10-dək qatarlar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək. Həmin günlərdə Bakıdan Ağstafaya əlavə qatar saat 09:20-də, Ağstafadan Bakıya isə saat 17:15-də hərəkət edəcək.
Noyabrın 8-də əlavə qatar Gəncədən Mingəçevirə saat 07:15-də, Mingəçevirdən Gəncəyə isə saat 08:40-da yola düşəcək.
Bakı–Qazax–Bakı marşrutu üzrə qatarlar adi qrafiklə hərəkət edəcək. Abşeron dairəvi dəmir yolunda isə noyabrın 7-dən 10-dək qeyri-iş günlərinin cədvəli tətbiq olunacaq.
Sərnişinlər hərəkət qrafiki və biletlər barədə məlumatı ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən, dəmir yolu kassalarından və gecə-gündüz fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərlər.












