Bir əsrin arzusundan zəfərin zirvəsinə… -Əhməd Cavadın məhəbbətlə vəsf etdiyi Qarabağ azaddır!

  • Müəllif: admin
  • 07 Noyabr 2026 10:31

8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Gününə söz ardı

Tariximizin iki möhtəşəm səhifəsi, xalqımızın qürur və şərəf rəmzinə çevrilmiş Zəfər Günü və Dövlət Bayrağı Günü haqqında qələmə aldığım yazını təqdim edirəm. Biri qanımızla, canımızla qazandığımız Zəfərin təntənəsi, digəri isə müstəqilliyimizin, milli kimliyimizin və dövlətçilik ruhumuzun üçrəngli təcəssümüdür.

“Qarabağında şux bülbülün var,
Baldan da dadlı şirin dilin var,
Türküstan kimi böyük elin var.
Canım-gözüm, gözüm-canım,
Azərbaycanım!”
Əhməd Cavad

Tarixdə elə günlər var ki, onların böyüklüyü təqvimin bir səhifəsinə sığmır. O günlər bir millətin taleyində dönüş nöqtəsinə çevrilir, keçmişin ağrılarına, bu günün qüruruna və gələcəyin ümidlərinə eyni anda məna verir.

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü məhz belə iki əlamətdar tarixdir.

Bu iki günü bir-birinə bağlayan yalnız təqvim ardıcıllığı deyil. Onların arasında bütöv bir xalqın istiqlal mübarizəsi, dövlətçilik yaddaşı, Vətən sevgisi və azadlıq uğrunda göstərdiyi misilsiz fədakarlıq dayanır.

Bir əsrdən artıq əvvəl Əhməd Cavadın sonsuz məhəbbətlə tərənnüm etdiyi Azərbaycan ağır tarixi sınaqlardan keçdi. İstiqlalını qazandı, itirdi, lakin azadlıq idealını heç zaman unutmadı. Bu ideal xalqımızın milli yaddaşında yaşadı, nəsildən-nəslə ötürüldü və müstəqilliyimizin yenidən bərpası ilə gerçəkliyə çevrildi.

Lakin tarix xalqımızı daha bir ağır sınaqla üz-üzə qoydu. Qarabağın və ətraf rayonların işğalı, doğma yurdlarından didərgin düşən yüz minlərlə insanın taleyi, dağıdılmış şəhər və kəndlər, illərlə davam edən ayrılıq Azərbaycanın yaddaşına silinməz ağrı kimi həkk olundu.

Bir zamanlar şairin misralarında Vətən gözəlliyinin rəmzi kimi səslənən Qarabağ neçə-neçə nəslin qəlbində həsrətin ünvanına çevrildi. Amma bu həsrət heç zaman ümidsizliyə çevrilmədi. Çünki torpağı işğal etmək mümkün olsa da, bir xalqın Vətən yaddaşını, milli ləyaqətini və azadlıq iradəsini əsarətə almaq mümkün deyil.

Azərbaycan xalqı bunu öz tarixi ilə sübut etdi.

8 Noyabr 2020-ci il. Bu tarix yalnız Şuşanın işğaldan azad edildiyi gün deyil, bütöv bir xalqın iradəsinin, Azərbaycan dövlətinin qüdrətinin və tarixi ədalətin təntənəsi kimi milli yaddaşımıza əbədi həkk olundu.

44 günlük Vətən müharibəsində Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin öndərliyində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, xalqımızın sarsılmaz birliyi və qələbəyə inamı uzun illərin həsrətinə son qoydu. 2023-cü ilin sentyabrında ölkəmizin bütün ərazisində dövlət suverenliyinin bərpası isə bu tarixi prosesin tamamlanması oldu.

Bu Zəfərin ən böyük mənəvi ucalığı şəhidlərimizin müqəddəs xatirəsində, qazilərimizin fədakarlığında Vətən uğrunda göstərilmiş misilsiz qəhrəmanlıqda yaşayır. Onların sayəsində bu gün Şuşanın zirvəsində, Laçının dağlarında, Xankəndinin səmasında, Kəlbəcərdə, Zəngilanda, Ağdamda, Qubatlıda üçrəngli Azərbaycan bayrağı dalğalanır.

O bayraq yalnız azad edilmiş torpaqlarımız üzərində dövlət suverenliyimizin deyil, həm də xalqımızın şərəfinin, milli iradəsinin və tarixi yaddaşının rəmzidir.

Və burada 8 Noyabr Zəfər Günü ilə 9 Noyabr Dövlət Bayrağı Gününün mənəvi bağlılığı özünün ən dərin mənasını qazanır.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul etdiyi üçrəngli bayrağımız istiqlal düşüncəmizin, milli kimliyimizin və müstəqil dövlətçilik iradəmizin ifadəsinə çevrildi.

Milli İstiqlal şairimizin həmin bayrağa bəslədiyi sonsuz məhəbbəti bu misralarla əbədiləşdirmişdi:

“Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!”

Bu gün həmin misralar azad Qarabağın səmasında dalğalanan bayrağımızla sanki yenidən səsləşir.

Bir zamanlar istiqlalın müqəddəs rəmzi kimi ucalan üçrəngli bayrağımız bu gün qalib və suveren Azərbaycanın bayrağı kimi Vətənimizin hər guşəsində dalğalanır.

Bu mənzərənin tarixi və mənəvi mənası son dərəcə böyükdür. Çünki Zəfər yalnız itirilmiş torpaqların qaytarılması deyil, dövlət suverenliyinin, milli ləyaqətin və tarixi ədalətin bərpasıdır. Bayraq isə bütün bu dəyərləri özündə birləşdirən, xalqımızın keçmişini bu günü və gələcəyi ilə bağlayan müqəddəs dövlət rəmzidir.

8 Noyabr bizə bu Zəfərin hansı fədakarlıqlar bahasına qazanıldığını, 9 Noyabr isə həmin Zəfərin hansı əbədi ideallara xidmət etdiyini xatırladır.

Bu gün Qarabağda həyat yenidən doğulur. Dağıdılmış şəhərlər dirçəlir, yollar çəkilir, məktəblər açılır, doğma yurdlarına qayıdan insanların səsi uzun illərin sükutunu pozur. Şuşada, Laçında, Xankəndidə və digər rayon və kəndlərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri azadlığın yalnız tarixi hadisəsi deyil, gündəlik həyatın gerçəkliyini göstərir.

Bu, sadəcə şəhərlərin və kəndlərin bərpası deyil. Bu, yarımçıq qalmış ömürlərin, doğma yurda bağlılığın, nəsillərin yaddaşında yaşayan arzuların yenidən həyata qovuşmasıdır.

Vətəni azad etmək böyük tarixi Qələbədir. Azad edilmiş Vətəndə həyatı yenidən qurmaq isə həmin Qələbəni gələcəyə çevirməkdir.

Bu gün Qarabağda yanan hər işıq, açılan hər qapı, məktəbə gedən hər uşaq, doğma torpağına qayıdan hər ailə Zəfərimizin davam edən həyatıdır.

Bütün bunlar bizə bir daha xatırladır ki, qazanılmış azadlıq yalnız qürur mənbəyi deyil, həm də böyük məsuliyyətdir. Onu qorumaq, dövlətimizi daha da qüdrətləndirmək, gələcək nəsillərə sülh, əmin-amanlıq və firavanlıq içində yaşayan Azərbaycanı miras qoymaq hər birimizin mənəvi borcudur.

Bu məsuliyyətin ən müqəddəs ölçüsü isə şəhidlərimizin Vətənə əmanət etdiyi dəyərlərə sədaqətdir. Bu gün onların əziz xatirəsi qarşısında ehtiramla baş əyərkən anlayırıq ki, bayrağımızın hər dalğalanışında həm böyük bir Qələbənin sevinci, həm də o Qələbə uğrunda verilmiş əvəzsiz qurbanların xatirəsi yaşayır.

Və bu gün, iki əlamətdar tarixin qovuşduğu məqamda, bir əsrin yaddaşından süzülüb gələn böyük bir həqiqət bütün əzəməti ilə qarşımızda dayanır.

Əhməd Cavadın məhəbbətlə vəsf etdiyi Qarabağ azaddır. Ehtiramla kölgəsini öpmək istədiyi üçrəngli bayraq həmin torpaqların səmasında dalğalanır. İstiqlal uğrunda mübarizə aparmış nəsillərin arzuları müstəqil, suveren və qalib Azərbaycanın gerçəkliyində yaşayır.

Bir əsrin mübarizəsi, neçə-neçə nəslin həsrəti, şəhidlərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi bu gün bir müqəddəs həqiqətdə qovuşur: azad Vətən və onun səmasında dalğalanan üçrəngli bayraq! Bu, yalnız qazanılmış Qələbənin deyil, tarixi ədalətin bərpasının, milli ləyaqətin və dövlətçilik iradəsinin təntənəsidir. 8 Noyabr bu tarixin Zəfər zirvəsidir. 9 Noyabr isə həmin zirvədə dalğalanan istiqlal rəmzimizin bayramıdır.

Bu Zəfərin şərəfi onu qazanan nəsillərə, əmanəti isə gələcək nəsillərə məxsusdur. Və nə qədər ki, Azərbaycan var, şəhidlərimizin müqəddəs xatirəsi, Zəfərimizin qüruru və üçrəngli bayrağımızın əzəməti də yaşayacaq!

Ruhunuz şad olsun, əziz şəhidlərimiz!

Zəfərimiz əbədi, bayrağımız daim uca olsun!

Yaşa, müstəqil, suveren və qalib Azərbaycan!

Zəruri xatırlatma:

Əhməd Cavadın zəngin poetik irsinin musiqi sənəti vasitəsilə yaşadılması, təbliği və geniş auditoriyaya çatdırılması istiqamətində Heydər Əliyev Hökümətinin xarici iqtisadi əlaqələr naziri , mənim də yaxın dostum Nicat Quliyevin şəxsi təşəbbüsü ilə müxtəlif illərdə bir sıra əhəmiyyətli yaradıcılıq layihələri həyata keçirilmişdir.

Bu təşəbbüslər çərçivəsində Emin Sabitoğlu, Vasif Adıgözəlov, Aygün Səmədzadə, Aydın Əzimov, Cavanşir Quliyev kimi görkəmli bəstəkarlarım;z və tanınmış ifaçılarla yaradıcı əməkdaşlıq nəticəsində şairin sözlərinə çoxsaylı musiqi əsərləri ərsəyə gətirilmişdir.

Həmin əsərlərin böyük bir qismi Türkiyə Cümhuriyyəti Prezidentinin Simfonik Orkestrinin (Cumhurbaşkanlığı Senfoni Orkestrası) müşayiəti ilə səsləndirilmiş, bir çoxuna musiqili videoçarxlar çəkilərək geniş tamaşaçı auditoriyasına təqdim olunmuşdur.

Bu layihələr arasında Emin Sabitoğlunun bəstələdiyi “Can Azərbaycan” və Aydın Əzimovun bəstələdiyi “Azərbaycan Bayrağına” əsərləri də xüsusi yer tutur. Hər iki əsərin videoçarxı TRT Avaz telekanalı ilə əməkdaşlıq çərçivəsində hazırlanmışdır.

Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə oxucularımıza təqdim etdiyimiz bu iki əsər Əhməd Cavadın Vətən sevgisini, istiqlal idealını və üçrəngli bayrağımıza sonsuz məhəbbətini musiqinin dili ilə yaşadır. Bu gün həmin əsərlər Azərbaycanın tarixi Zəfərinin və dövlət suverenliyinin təntənəsi fonunda xüsusi mənəvi məna qazanır.

 

Pərviz Həşimli

Gununsesi.info