Biləsuvar rayonunda güllə alan şəxsin səhhəti açıqlanıb - YENİLƏNİB-3

  • By Günel
  • 02 Mart 2025 16:29

Biləsuvar rayonunda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub. 

Gununsesi.info xəbər verir ki, hadisə Biləsuvar şəhəri Nizami küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1983-cü il təvəllüdlü Elməddin Əzizağa oğlu Cəfərov həmyerlisi 1995-ci il təvəllüdlü Raul Quliyev tərəfindən ov tüfəngi ilə güllələnib.

Yaralı ayaq və qarın nahiyəsindən çoxsaylı xəsarətlərlə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, münaqişə tərəfi olan şəxslər əvvəlcə rayon mərkəzindəki çayxanada mübahisə ediblər. Mübahisə zamanı Elməddin Cəfərov həmyerlisinə sillə vurub. Daha sonra rayonun Nərimankənd sakini olan Raul Quliyev çayxananı tərk edərək evə gedib. O, ov tüfəngini götürərək yenidən çayxanaya qayıdıb və Elməddin Cəfərova atəş açıb. Cinayəti törədən şəxsin sonrakı planını həyata keçirməsinə yaxınları mane olub və tüfəngi onun əlindən alıblar.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Raul Quliyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Biləsuvar rayonunda ov tüfəngindən xəsarət alan şəxsin səhhəti açıqlanıb. 

Gununsesi.info xəbər verir ki, TƏBİB-dən bildirilib ki, bu gün saat 13:00 radələrində xəsarət alması səbəbilə 1983-cü il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ aşağı ətrafın və qarının ön divarlarının çoxsaylı yarası diaqnozu təyin edilib.

Hazırda xəsarət alan şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Gununsesi.info