Quba Avropa Kubokunun püşkü atıldı

Mayın 3-də Qubada start götürəcək yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinin püşkatma mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri iştirak ediblər.

Əvvəlcə ACF-nin baş katibinin müavini, idman direktoru Kamran Talıbov çıxış edərək göstərilən etimada görə EJU-ya təşəkkürünü bildirib və bütün idmançılara uğurlar arzulayıb.

EJU-nun idman komissarı Albert Qmayner qurumun prezidenti Laslo Totun adından iştirakçıları salamlayıb, turnirin gənc cüdoçuların karyerasında mühüm rol oynayacağını vurğulayıb və yarışın təşkilindəki səylərinə görə ACF-yə minnətdarlığını ifadə edib.

Daha sonra çıxış edən EJU-nun hakimlər üzrə komissarı Vladimer Nutsubidze bildirib ki, Quba Avropa Kubokunun görüşlərini 15 yerli və beynəlxalq dərəcəli hakim idarə edəcək.

Qeyd edək ki, beynəlxalq turnirdə 11 ölkədən 354 cüdoçu (213 oğlan, 141 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq. Azərbaycanı bu yarışda 141 idmançı (100 oğlan, 41 qız) təmsil edəcək. Avropa Kubokuna mayın 4-də yekun vurulacaq.

Gununsesi.info