Son günlər sosial şəbəkələrdə bir-birinin ardınca dəhşətli xəbərlər yayılır.
TikTok-da fəal olan, videolar çəkən, şəkillər paylaşan, özünü ifadə edən gənc qızlar ataları və ya qardaşları tərəfindən bıçaqlanır, öldürülür.
Hər dəfə eyni mənzərə ilə qarşılaşırıq. Əvvəlcə qızların paylaşımlarının altında əxlaq keşikçiləri peyda olur, sonra isə qətl xəbəri yayılanda həmin adamlar bu dəfə mərhəmət nümayiş etdirirlər.
Bir qızın fotosunun, videosunun altına girib yazırlar: “Evdə atan, qardaşın yoxdur? Sənə bu geyimi geyinməyə icazə verirlər? Özünü niyə belə aparırsan?”
Sanki qızın geyimi, davranışı, sosial şəbəkədəki fəaliyyəti onun özünə deyil, ailəsinin kişi üzvlərinə məxsus bir məsələdir. Sanki qadının bədəni, görünüşü, həyatı onun şəxsi mülkiyyəti deyil, ailənin namus kapitalıdır.
Sonra həmin qız öldürülür. Bu dəfə isə eyni cəmiyyətin nümayəndələri yazırlar. “Yazıq qızın günahı nə idi? Niyə öldürdülər? Axı o da insan idi”.
Əslində, burada bizi düşündürməli olan təkcə qatilin kimliyi deyil, qatilin yetişdiyi ictimai mühitdir.
Biz bir qızı öldürən əlin günahını müzakirə edirik, amma o əli silaha çevirmiş düşüncənin formalaşmasında öz payımızı görmək istəmirik.
Əlbəttə, heç bir şərh, heç bir ictimai qınaq, heç bir ənənə və ya əxlaq təsəvvürü insanı qətlə sövq etməyə haqq qazandıra bilməz.
Qətlin məsuliyyəti onu törədən şəxsin üzərindədir. Amma bu, cəmiyyətin məsuliyyətini müzakirədən çıxarmır.
Çünki qatil öz qərarını boşluqda vermir. O, müəyyən bir düşüncə sisteminin içində böyüyür. Ona illərlə öyrədilir ki, ailənin namusu qadının geyimindən, danışığından, münasibətlərindən, hətta sosial şəbəkədə paylaşdığı videolardan asılıdır.
Ona başa salınır ki, bacısının davranışına nəzarət etmək onun kişi kimi vəzifəsidir. Bacısı bu gözləntilərə uyğun davranmadıqda isə bunu şəxsi təhqir, ailəyə qarşı hörmətsizlik, hətta cəzalandırılmalı bir hərəkət kimi qəbul etməsi üçün zəmin yaranır.
Bu düşüncəni təkcə ailə formalaşdırmır. Küçədəki adam, sosial şəbəkədəki şərhçi, televiziya ekranından əxlaq dərsi keçənlər, qadının həyatına müdaxiləni mənəvi borc kimi təqdim edənlər də həmin mühitin bir hissəsidir.
Bir qızın açıq geyinməsini görüb “Atan, qardaşın yoxdur?” deyə soruşan adam, əslində, çox ciddi bir mesaj verir. Sənin həyatına özün qərar verə bilməzsən. Sənin üzərində mütləq bir kişi nəzarəti olmalıdır. Əgər bu nəzarət yoxdursa, deməli, nəsə qaydasında deyil.
Bu, adi bir şərh deyil. Bu, qadının müstəqil fərd kimi mövcudluğunu inkar edən dünyagörüşünün ifadəsidir.
Ən acınacaqlısı isə budur ki, həmin şərhləri yazanların bir qismi özünü qətllərə qarşı olan, qadın hüquqlarını müdafiə edən insanlar hesab edir. Halbuki onların qətli pisləyərkən nümayiş etdirdikləri mənəvi mövqe ilə qətldən əvvəl qızlara ünvanladıqları münasibət arasında ziddiyyət var.
Qızın sağlığında onun geyimini, davranışını mühakimə edirlər, ölümündən sonra isə taleyinə acıyırlar. Sağlığında azadlığını əlindən almağa çalışdıqları insanın ölümündən sonra onun azad yaşamaq haqqından danışırlar.
Bəlkə də, cəmiyyət olaraq özümüzə verməli olduğumuz əsas sual budur: Biz niyə bir qızın necə geyinməsini, necə danışmasını, hansı videonu paylaşmasını özümüzə problem hesab edirik? Niyə bir qadının davranışı haqqında mütləq hökm verməli olduğumuzu düşünürük? Niyə bir kişinin bacısına nəzarət etməsini normal, onun öz həyatına qərar verməsini isə mübahisəli məsələ hesab edirik?
O qızlar heç kimə zərər vermirlər. Kiminsə haqqını tapdalamırlar, kiminsə həyatına müdaxilə etmirlər. Sadəcə, öz bildikləri kimi yaşayırlar. Bəlkə geyimləri kiminsə zövqünə uyğun deyil, bəlkə paylaşımları kiminsə əxlaq təsəvvürünə cavab vermir. Amma bunların heç biri cinayət deyil. Heç biri zorakılığa, təhqirə, təzyiqə, xüsusilə də ölümə əsas verə bilməz.
Bir cəmiyyətin inkişaf səviyyəsi qadınların nə qədər örtündüyü ilə deyil, onların nə qədər təhlükəsiz, sərbəst və qorxmadan yaşaya bildiyi ilə ölçülür.
Biz qızlara “Atan, qardaşın yoxdur?” sualını vermək əvəzinə, oğlanlara “Bacının həyatı niyə sənin mülkiyyətin olmalıdır?” sualını verməyi öyrənməliyik.
Atalara və qardaşlara qızlarını, bacılarını qorumağın onların həyatına nəzarət etmək, onları cəzalandırmaq, seçimlərini məhdudlaşdırmaq olmadığını anlatmalıyıq.
Qorumaqla sahib çıxmaq, sevgi ilə mülkiyyətçilik arasındakı fərqi öyrətməliyik.
Və ən əsası, cəmiyyət özünü bu qətllərdən kənarda görməməlidir. Çünki bir qızın geyiminə görə onu təhqir edən, ailəsini onu nəzarətdə saxlamağa çağıran, qadının azadlığını ailənin kişilərinə həvalə edən düşüncə ilə həmin qızın azadlığını əlindən alan düşüncə arasında ideoloji qohumluq var.
Bəzən bir qızın qətlindən əvvəl onun ətrafında bütöv bir cəmiyyət məhkəmə qurur. Qatil isə həmin məhkəmənin özbaşına çıxardığı hökmü icra etmək haqqına sahib olduğunu düşünür.
Biz bu düşüncəni dəyişmədikcə, hər qətldən sonra “Yazıq qızın günahı nə idi?” deyə yazmağa davam edəcəyik.
Halbuki cavab çox sadədir. Qızın heç bir günahı yox idi. Problem onun necə yaşamasında deyil, başqalarının onun necə yaşamalı olduğuna qərar vermək hüququnun olduğunu düşünməsində idi.
Elmar
Gununsesi.info












