Paşinyan müxalifəti sülh müqaviləsinə mane olmamağa çağırdı

  • Müəllif: Orxan
  • 23 Noyabr 2026 11:50

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya qəbul edildikdən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağına söz verib.

Gununsesi.info xəbər verir ki, hökumət başçısı ölkənin yeni Konstitusiya layihəsinin dərc olunması münasibətilə vətəndaşlara müraciətində bu məsələyə “bütün mənəvi, siyasi və insani etibarını” qoyduğunu bildirib.

Paşinyan əmin edib ki, yeni Konstitusiyanın qəbulu ilə təkcə sülh müqaviləsi imzalanıb ratifikasiya edilməyəcək, həm də institusional sülh təmin olunacaq.

“Bizim həm sülhümüz, həm də müstəqilliyimiz olacaq. Bu, dövlətimiz üçün yeni vəziyyətdir. Çünki indiyədək bizdə adətən ya sülh, ya da dövlət olub”, – deyə Ermənistanın baş naziri bildirib.

Paşinyan yeni Konstitusiya ilə bağlı referendumda vətəndaşlar layihənin əleyhinə səs verəcəkləri təqdirdə istefa verəcəyini, dəstəkləyəcəkləri halda isə növbəti seçkilərdə baş nazir postuna namizədliyini irəli sürməyəcəyini bir daha bəyan edib.

O, parlament müxalifətini “sülhün qarşısında yeganə maneəyə çevrilməməyə” çağırıb.

Xatırladaq ki, Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Həmin Bəyannamədə Dağlıq Qarabağ və Osmanlı imperiyasında ermənilərin soyqırımı ilə bağlı müddəalar yer alır.

Konstitusiya dəyişiklikləri prosesinə başlamaq və ya referendum keçirmək üçün hakim partiyanın parlament deputatlarının üçdə ikisinin dəstəyini qazanması lazımdır. Hakim fraksiyanın hazırkı səs sayı bunun üçün kifayət etmir və əlavə 6 deputatın dəstəyinə ehtiyac var. Lakin Ermənistan parlamentindəki müxalifət layihəyə dəstək verməkdən imtina edir.

Gununsesi.info