
Gununsesi.info-nun yayımlanan “Aylardır işə çıxmayan 85 yaşlı direktor” başlıqlı yazıya Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən münasibət bildirilib.
Qeyd edək ki, həmin yazıda biz akademik Nailə Vəlixanlının səhhətində yaranmış problemlə bağlı aylardır işə çıxmadığından bəhs etmişdik.
Məsələ ilə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Fərhad Cabbarov baş redaktorumuza məktub yazıb.
Həmin məktubu təqdim edirik:
” Salam, Pərviz bəy.
Rəhbərlik etdiyiniz saytda «Aylardır işə çıxmayan 85 yaşlı direktor» sərlövhəli yazı ilə bağlı bildirmək istəyirəm ki, yazıda səsləndirilən faktlar həqiqətə uyğun deyil. Əvvəla, Milli Azərbaycan Tarixi Muzeyi AMEA-ya tabe qurum deyil ki, AMEA-dan Nailə Vəlixanlı ilə bağlı, onun direktor kimi fəaliyyəti ilə bağlı sizin saytınıza məlumat verilsin. İkincisi, Nailə Vəlixanlının uzun müddət işə çıxmaması, bununla da muzeyin fəaliyyətində axsamaların olması haqqında yazılanlar yalandır. Nailə Vəlixanlı işə çıxır, sonuncu dəfə iyulun 11-də işdə olub, iş qrafikinə uyğun çalışıb və nəzərdə tutulan görüşləri də keçirib. Yazıda «Hətta muzey direktoru olaraq, bir sıra qonaqlarla və aidiyyatı şəxslərlə görüşləri nəzərdə tutulsa da, bunların heç biri reallaşmır» sözləri də həqiqəti əks etdirmir. Qeyd edim ki, Nailə Vəlixanlı iyulun 14-dən rəsmi məzuniyyətdədir.
Yazıda gedən yalnış məlumatı təkzib etmək üçün göndərdiyim bu açıqlamanı saytınızda yerləşdirməyi xahiş edirəm. Yalan və yoxlanılmamış məlumatların saytınızda yayımlanmaması arzusu ilə, hörmətlə,
Fərhad Cabbarov,
Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini”.