
“BAŞIMIN TACI, BU GÜN SƏNİN 65 YAŞIN TAMAM OLUR. SƏNİNLƏ BƏRABƏR HƏR GƏLƏN YENİ GÜN TANIŞ OLDUĞUMUZ GÜN KİMİ ƏZİZDİR. İNŞALLAH, 100 İLLİK YUBİLEYİNDƏ SƏNİN HAQQINDA DAHA GENİŞ SÖZ DEYƏCƏYƏM. HƏLƏ QARŞIMIZDA BİR ÖMÜR DURUR…”
Gununsesi.info xəbər verir ki, bu sözləri filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, həyat yoldaşı, ictimai-siyasi xadim Əli Həsənova öz sosial şəbəkə hesabı üzərindən ünvanlayıb.
Həmin şeiri təqdim edirik:
“İLLƏRİ ƏL-ƏLƏ VERİB GƏLMİŞİK”
İlləri əl-ələ verib gəlmişik,
Əlini əlimdən çəkmə, nə olur.
Beş dənə onluğun–
sadə misalın…
Əzaba, zəhmətə bölünməyi var.
Vətəndaş ömründən alim ömrünə,
Hesaba gəlməyən qayğılar durar.
Bir ailə ömrünün ötən anları,
Yarı kitabxana,
yarı yollarda.
Dünyanın çalışqan tələbəsi sən,
Nigaran qadını mən idim onda.
Soyuğu, istisi uzaq ellərin
Əlimə, üzümə gəlib çatardı.
Bir evin, ocağın əziz tikəsi,
Sən gələn zamana,
vaxta qalardı.
Biz varlı deyildik, – qibtə yeriydik
Dövlətli qonşuya, pullu dostlara,
Bu evdə heç nəyin olmayan vaxtı,
Sevgi bəxş edərdik pay umanlara.
Nə deyim, hərdən də küsdüm, incidim
Üzünə gəlmədim, qəlbə yük olar…
Bəzən qayğılara bələnən ömrün
İtmiş ayı, günü bizi haraylar.
Bəzən də içimdən asılan giley
Ünvana yetişməz,
havada qalar…
Birtəhər yaşadım indiyə qədər,
Sənə bundan sonra ehtiyacım var.
Sən bildin, mən bildim,
bir də dörd divar
Olub-olmayanı kimsə bilmədi.
Yarıya böldüyün papirosların Kül yeri,
köz yeri ürəyimdədi.
Neyləyim, izahı yoxdu bu sirrin Haqq yazan,
bəxt yazan sevgi payımsan.
Bəzən, uşaqların ən ərköyünü,
Ən əziz, ən sözə baxmayanısan.
Durmusan sevginin astanasında,
Hələ qarşımızda bir ömür durur.
İlləri əl-ələ verib gəlmişik
Əlimdən əlini çəkmə nə olur.
Sona Vəliyeva həmçinin yazıb:
30 İL ƏVVƏLKİ SEVGİ MƏKTUBUNA CAVAB (Həyat yoldaşıma…)
“Otuz ildir tutarlı söz axtarıram sənə cavab yazmağa… Ömür evlilik çərçivəsindən boylanır geriyə… Güllü köynəkli, gur telli oğlanın yazdıqlarını təzədən oxumağa çalışıram. Sənə hər gün, qayğılarımla, “yaxşı yol”, “xoş gəldin”lərimlə… Cavabım övlad sevgisi, ömür hərarətli, ev-eşik, gün-güzəran biçimli… Otuz ildir çay üstdən çiçəklər axan kimi ömür ötüb-keçir… Toplandıqca əlvan xatirələr çözələnir. Hərdən umu-küsülərin əlindən səni yenə güllü köynəkli oğlan xilas edir. Ən gözəli o ki, sənin məktubların, köynəyinin gülüylə, könül gözüylə baxır olanlara. Qoymur həyatımızı nimdaş olmağa… Ömrümüz güllü köynək bükülü… Qoruyur səni, məni min bəladan, pislikdən. Otuz ildir məktublarına cavab yazıram. Yerdən Allahacan dastan-dastan qayğılarımla, dualı intizarımla, bəzən də məktub şəkilli üsyanlarımla… Hərdən elə lap yanımdaca, xatirə ilğımında, sevgi işığında əynində güllü köynək, əlində ürəkşəkilli sevgi məktubları qarşımda durursan… Ömrün qonşuluq dastanını yazırsan… Gəl yenə qayıdaq ömrün güllü köynək fəslinə… Utanıb o vaxt demədiyim cavabı yazıram sənə… Bilirsənmi, səni yurd kimi, Vətən kimi sevdim, övlad kimi əzizlədim… Otuz illik məktubuna indi ömrümü qurban kimi – cavab kimi göndərdim…”