
Motosikletli silahlı hücumlar, narkotik ticarəti, qəsb, soyğunçuluq və şiddət hadisələri ilə gündəmə gələn Daltons mütəşəkkil cinayət qrupunun əhəmiyyətli adlarından olan Sinan Memi Polşadan Türkiyəyə gətirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Sinan Memi cinayət törətmək üçün təşkilat yaratmaq, qəsdən adam öldürmə, narkotik və ya stimullaşdırıcı maddə ticarəti və terror təşkilatı təbliğatı da daxil olmaqla 10 ayrı cinayətdə qırmızı vərəqə və 20 həbs qərarı ilə üç ildir axtarışda idi.
Memi ilə yanaşı narkotik ticarətindən 30 il həbs cəzası alan Atakan Avcı da Bolqarıstandan Türkiyəyə gətirilib.
Hər iki əməliyyatı Daxili İşlər Naziri Əli Yerlikaya açıqlayıb.
Nazir Yerlikaya sosial media hesabında “Türk polisindən qaça bilməzsiniz” sözlərini yazıb.
O, qeydli paylaşımında “Əziz millətimizin bilməsini istəyirəm ki, nə qədər böyük olurlarsa olsunlar, hansı ölkəyə qaçıblarsa qaçsınlar, mütəşəkkil cinayət təşkilatı üzvlərini və narkotik alverçilərini bir-bir yaxalayıb ölkəmizə gətirəcəyik. Onlar bizdən qaça bilməyəcəklər” ,- deyə, qeyd edib.
Orxan