
ABŞ Prezidenti Co Bayden 19 nəfəri mülki şəxslər üçün Amerikanın ali mükafatlarından biri olan Prezident Azadlıq Medalı ilə mükafatlandırıb.
Gununsesi.info bildirir ki, Ağ Evin yaydığı məlumatda deyilir ki, Bayden mükafatçıları “Amerika və dünyanı yaxşı edən böyük liderlər” adlandırıb.
Mükafatı alanlar arasında keçmiş dövlət katibi Hillari Klinton, iş adamları Corc Soros, Tim Qil, Devid Rubinşteyn, antropoloq Ceyn Qudol, futbolçu Lionel Messi, basketbolçu Mecik Conson, musiqiçi Bono, aktyorlar Maykl Cey Foks və Denzel Vaşinqton, jurnalist Anna Vintur, modelyer Ralf Loren yer alıb.
Medalı alan 19 nəfərdən 4-nə bu, ölümündən sonra verilib. Bunlar 1968-ci ildə qətlə yetirilən keçmiş baş prokuror Robert Kennedi, 1973-cü ildə ölən Nikson administrasiyasında mənzil tikintisi naziri olan Corc Romni, 1979-cu ildə ölən ictimai fəal Fanni Lu Heymer və 2022-ci ildə ölən Obama administrasiyasında müdafiə naziri olmuş Eşton Karter olublar.