Azərbaycan təyyarəsini istiqamətləndirən dispetçer dindirilib

Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsini Çeçenistan hava məkanından Qazaxıstana doğru istiqamətləndirən dispetçer keçmiş futbolçu Ali İdrisov olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Teleqram kanallarında bildirilib.

Ali İdrisov Qroznının “Terek” klubunun (indiki “Axmat”) keçmiş oyunçusudur.

Qeyd olunur ki, əvvəlcə GPS sistemindən məhrum edilən təyyarə ardınca “Pantsir” raketilə vurulub.

Qroznıda təyyarəni koordinasiya edən dispetçer Ali İdrisov istintaqa deyib ki, Qroznıya PUA hücumundan və hava hücumundan müdafiə qüvvələrinin əməliyyatından xəbəri olmayıb. Məlumatda deyilir ki, o, hava limanına PUA hucumundan da xəbərsiz olub. İdrisov “xalça” planından təyyarənin vurulmasından 5 dəqiqə sonra xəbər tutub.

“Xalça” planı havada fövqəladə, müstəsna hallarda tətbiq olunur.

Hava məkanında sözügedən rejimin tətbiqindən xəbərdar olan pilotlar dərhal ehtiyat aerodromlara istiqamətləndilir.

Dünən müstəntiqlər İdrisov başda olmaqla, Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının Çeçenistan bölməsinin əməkdaşlarını dindiriblər.

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və sərnişinlərin bir qismi xilas edilib. Təyyarədəki 67 nəfərdən 29-u sağ qalıb.

 

 

Gununsesi.info