Aİ üzvləri Ukraynaya hərbi təlimatçıların göndərilməsini müzakirə edəcəklər - Die Welt

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri ilk dəfə olaraq Ukraynaya avropalı hərbi təlimatçıların göndərilməsi imkanını müzakirə edəcəklər.

Gununsesi.info Almaniyanın “Die Welt” qəzetinə istinadən xəbər verir ki, müzakirə gələn həftənin ortalarında baş tutacaq.

Bildirilir ki, avqustun 27-də Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsində Avropa ölkələrinin nümayəndələrinin görüşündə də bu mövzu müzakirə olunacaq.

Qəzetin yazdığına görə, bu məsələ ilə bağlı yekun qərar 2024-cü ilin noyabrından gec olmayaraq verilməlidir.

Die Welt qeyd edir ki, Ukrayna Hərbi Qüvvələri üçün Avropa Təlim Missiyasının (EUMAM UKR) mandatı noyabrın ortalarında başa çatır.

Təlim proqramının uzadılacağı gözlənilir. Bu, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Ukraynadakı təlimlərinə də şamil edilə bilər.

Qəzet yazır ki, indiyədək avropalı təlimatçılar Ukrayna əsgərləri üçün Aİ-də – əsasən Polşa və Almaniyada təlim keçirlər.

Nəşrin məlumatına görə, avropalı təlimatçıların Ukraynaya mümkün göndərilməsi ilə bağlı qeyri-rəsmi müzakirələr hələ iyul ayında Brüsseldə aparılıb. Bu ideya Fransa, Polşa, Danimarka, İsveç və Baltikyanı ölkələr tərəfindən dəstəklənib. Eskalasiyanın artmasından ehtiyat edən Almaniya buna qarşı çıxıb.

Welt yazır ki, müzakirənin əsasını təşkil edəcək “Aİ-nin Ukraynadakı təlim missiyasının strateji baxışı” adlı məxfi hesabat Brüsseldə rəsmilər arasında yayılır.

Qeyd edək ki, Avropa qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı müzakirələr 2024-cü ilin əvvəlində Fransa prezidenti Emmanuel Makronun bəyanatlarından sonra başlayıb.

 

 

Şəbnəm

Gununsesi.info