
Xəbər verdiyimiz kimi, bu ilin yanvar ayının 9-da 7 nəfər körpənin öldüyü hadisə baş vermişdi. Sözügedən hadisənin yeni təfərrüatları bəlli olub.
Gununsesi.info xəbər verir ki, 7 körpənin öldüyü yanğınla bağlı prokurorluğun apardığı istintaqdan təqsirləndirilən şəxslər də, zərərçəkən tərəflər də narazı qalıb. Tərəflər bu barədə 7 oktyabra təyin olunmuş məhkəmədə çıxış zamanı bildiriblər.
Hər iki tərəfin fikri və istəyincə, sözügedən işin prokurorluğa yenidən geri qaytarılmasına, təkrarən hərtərəfli, obyektiv, ədalətli istintaq aparılmasına ehtiyac var.
Həmin yanğında körpəsini itirmiş Lalə Ramazanovanın nümayəndəsi Adəm Məmmədov “Əsas adamlar kənarda qalıblar. Bircə videogörüntüyə baxmaq yetər ki, bu işi məhkəmə geri qaytarsın”, – deyə çıxış edib.
Beləki, yanğın hadisəsinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına da 3 nəfər çıxarılıb:
Onlardan biri yanğın baş verən Mərkəzin keçmiş direktoru Mehriban Abasquliyeva, digəri “Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi”nin müdiri olmuş Hamlet Mustafayev, nəhayət, sonuncusu isə hadisə vaxtı Dəstək xidmətləri şöbəsinə rəhbərlik edən Elnur Əhmədlidir.
Hər üç şəxs eyni maddə ilə- Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsiylə ittiham olunur. O cümlədən, Mərkəzin keçmiş direktoru Mehriban Abasquliyeva CM-in 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsiylə də ittiham verilib.
Amma məsələ budur ki, təqsirləndirilən şəxslərin heç biri hazırda həbsdə deyil, onların haqqında istintaq dövrü üçün barələrində ev dustaqlığı, polis nəzarətinə vermə kimi qətimkan tədbirləri seçilib.
Məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinin də açıqlamaları diqqət edib.
Beləki, Mərkəzin keçmiş direktoru Mehriban Abasquliyevanın vəkilləri onun hüquqlarının pozulmasından narazılıq edib.
Daha dəqiq, cinayət işinin materiallarındakı sənədlərin bir çoxunun əslinin olmadığını, kserosurətlərdən yararlanmaqla adamlara ağır ittihamlar verildiyi vəkillər tərəfindən vurğulanıb və onların sözlərinə görə, müstəntiq M.Abasquliyevanın adından protokollara imzalar atıb.
Digər təqsirləndirilən şəxs- Dəstək xidmətləri şöbəsinə rəhbərlik edən Elnur Əhmədlinin vəkili Fərid Həsənov da müvəkkilinin adından bir sıra sənədlərin imzalandığını vurğulayıb.
“Müvəkkilimin adından atılan imzalar kimə aiddir, bizə məlum deyil”,- deyə vəkil bildirib.
Yanğın hadisəsində vəkilləri narazı salan daha başqa bir məqam isə yaşamını itirən körpələrin valideynindən əlavə, daha 4 nəfərin zərərçəkmiş qismində tanınmasıdır. Sözügedən 4 nəfərin də hadisə vaxtı yanlız tüstüdən zərər gördüyü iddia edilir.
M.Abasquliyevanın vəkillərindən biri- Əlövsət Abbasov onların zərərçəkmiş statusuna xitam verilməsi barədə də vəsatət qaldırıb.
Zərərçəkmiş tərəfin nümayəndəsi olan Adəm Məmmədov da bu vəsatəti dəstəkləyib:
Sözügedən vəsatət də bildirilib ki, hadisə vaxtı evində olan şəxslər məsuliyyətə cəlb edilib, amma iş başında olan, baş verənlərə görə məsuliyyət daşıyan, adi telefon zəngi eləməyən adamlar zərərçəkmiş kimi tanınıblar.
Hətta zərərçəkən qismində məhkəməyə cəlb edilən həkim Gülbahar Zülfüqarova deyib ki, o, zərərçəkmiş kimi tanınmaq istəmir. Həmin hadisədən sonra oradan çıxıb və bir daha gəlməyib.
Qaldırılmasına baxmayaraq, heç bir vəsatət təmin edilməyib, üstəlik, məhkəmə işi istintaqa qaytarmaqdan da imtina edib.
Məhkəmənin təkrar baxışı oktyabrın 21-nə təyin edilib. Xəbər verilib ki, həmin gün prokuror ittiham aktını açıqlayacaq və ardınca da dindirmələr başlanacaq.
Qeyd edək ki, məhkəmədə fiziki şəxslərlə yanaşı, Perinatal Mərkəzin özü də zərərçəkmiş qismində tanınıb. Beləki, cinayət işinin materiallarında hadisə nəticəsində Mərkəzə 361 min manat ziyan dəydiyi iddia edilir.
Yekun olaraq təqsirləndirilən şəxslərə ittiham verilən maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulsa da, onların heç biri özünü təqsirli bilmir və yaşanan olaya görə günahkar olmadıqlarını deyirlər.