İqtisadçı və REAL Partiyasının sədri Natiq Cəfərli Rusiya nümayəndə heyətinin rəhbəri, Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinskinin açıqlamasına münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Cəfərli qeyd edib ki, Medinski Abu-Dabidə keçirilən görüşdən sonra Rusiyanın dövlət televiziya kanalına müsahibəsində Rusiya əsgərinin çəkməsinin dəydiyi ərazinin artıq Rusiya torpağı olduğunu və rus əsgərinin ayağının dəydiyi yerdən heç vaxt çıxmadığını iddia edib.
Natiq Cəfərli bu fikirləri absurd və yalan adlandırıb.
O bildirib ki, tarixi faktlar Rusiya ordusunun müxtəlif ərazilərdən dəfələrlə çıxmağa məcbur olduğunu göstərir.
Onun sözlərinə görə, son 80-90 ilin tarixinə nəzər salmaq kifayətdir: Rusiya ordusu Şərqi Avropadan qovulub, Baltikyanı ölkələrdən çəkilib, Kuba və Suriyadan çıxıb, Azərbaycandan isə son 35 ildə iki dəfə getməyə məcbur olub.
Cəfərli Medinskinin tarixçi olmasına və onun müəllifi olduğu dərsliklərdən Rusiyanın məktəblərində istifadə edilməsinə də diqqət çəkib.
O vurğulayıb ki, Ukraynanın Çerkassk vilayətində doğulub uşaqlığını bu ölkədə keçirən Medinski bu gün Rusiyanın bombaladığı Ukrayna ilə bağlı reallıqları nəzərə almır, nə tarixi düzgün qiymətləndirir, nə də müasir dünyanın reallıqlarına uyğun düşünür.












