Müştərini aldatmaq üçün qiyməti ucuz yazmaq – reklamdır, yoxsa qanun pozuntusu?

  • Müəllif: Firuzə
  • 11 Noyabr 2026 09:38

Son vaxtlar Azərbaycanda sosial şəbəkələrdə və müxtəlif elan platformalarında geniş yayılmış bir üsul diqqətimi çəkir.

Bəzi şirkətlər və fərdi satıcılar məhsulun real qiyməti 100 manat olduğu halda elanda 20-30 manat göstərirlər. Məqsəd isə aydındır: elan daha ucuz görünsün, axtarış nəticələrində önə çıxsın və daha çox insanın diqqətini cəlb etsin.

Müştəri elandakı qiymətə inanaraq satıcıya müraciət etdikdə isə müxtəlif bəhanələrlə qarşılaşır: “Qiyməti səhv yazmışıq”, “O qiymət reklam üçün qoyulub”, “Qiymət artıq dəyişib”, “Bu qiymətə məhsul yoxdur, real qiymət başqadır”.

Əslində, burada söhbət sadəcə texniki səhvdən deyil, istehlakçını bilərəkdən yanlış məlumatla cəlb etməkdən gedirsə, bu, ciddi hüquqi və etik problemdir.

Bəs qanun nə deyir?

Azərbaycan Respublikasının “Reklam haqqında” Qanunu və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu istehlakçılara düzgün və həqiqi məlumat verilməsini tələb edir.

Mülki Məcəllənin 408.7-ci maddəsinə əsasən, qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanan reklam və digər təkliflər, bir qayda olaraq, ofertaya dəvət hesab olunur. Lakin təklifdə müqavilənin bütün mühüm şərtləri göstərilərsə və satıcının həmin şərtlərlə müqavilə bağlamaq niyyəti aydın görünərsə, ümumi oferta hesab edilə bilər.

Yəni hər elanda göstərilən qiymətin avtomatik olaraq satıcı üçün məcburi müqavilə şərti olduğunu demək düzgün deyil. Ancaq bu, satıcıya bilərəkdən yalan qiymət göstərmək hüququ da vermir.

Bunun cəriməsi də var!

İnzibati Xətalar Məcəlləsinin 428.1-ci maddəsinə əsasən, tamah məqsədilə bilərəkdən yalan reklam məlumatlarından istifadəyə görə Fiziki şəxslər 200–500 manat, vəzifəli şəxslər 800–1 200 manat, hüquqi şəxslər 4 000–6 000 manat məbləğində cərimə edilə bilər.

Bundan əlavə, istehlakçıların hesabda aldadılması halları da İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə ayrıca məsuliyyət yarada bilər.

Belə hallarla qarşılaşdıqda elanın ekran görüntüsünü, paylaşımın linkini, satıcı ilə yazışmaları və qiymətin sonradan dəyişdirildiyini sübut edən məlumatları saxlamalıyıq.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmək mümkündür. Bunun üçün 195-1 Çağrı Mərkəzinə zəng etmək və ya rəsmi internet səhifəsi vasitəsilə şikayət göndərmək olar.

Bir məsələni də unutmayaq ki, reklam vermək başqa şeydir, insanları aldatmaq başqa. Müştəri cəlb etmək üçün məhsulun qiymətini bilərəkdən dəfələrlə aşağı göstərmək nə peşəkar marketinqdir, nə də dürüst sahibkarlıq.

İstehlakçıların hüquqlarını bilməsi vacibdir. Çünki qanun yalnız satıcının deyil, alıcının da hüquqlarını qoruyur.

Ucuz qiymət göstərməklə müştərini cəlb edib, sonra real qiyməti demək normal biznes davranışı kimi qəbul edilməməlidir.

Dürüst ticarət etibar yaradır, aldadıcı reklam isə müştəri itirir.

Elmar
Gununesi.info