Yazıçı və şair Aqşin Yenisey Azərbaycan ədəbiyyatında ictimai və ədəbi dəyər anlayışlarını müqayisə edərək, cəmiyyətdə bu iki anlayışın tez-tez qarışdırıldığını bildirib.
Gununsesi.info xəbər verir ki, Aqşin Yeniseyin fikrincə, ictimai dəyəri olan əsərlə ədəbi dəyəri olan əsər eyni anlayış deyil. O hesab edir ki, cəmiyyət ictimai problemə həsr olunan əsərləri çox vaxt bədii-estetik keyfiyyətlərindən asılı olmayaraq yüksək ədəbi nümunə kimi qəbul edir.
Yenisey bu kontekstdə Səməd Vurğunun “Azərbaycan” şeirini, Bəxtiyar Vahabzadənin yaradıcılığının böyük hissəsini və Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasını ictimai dəyəri olan əsərlər kimi xarakterizə edib.
Onun qənaətinə görə, bu əsərlərin ictimai əhəmiyyəti onların ədəbi dəyərinin də mütləq yüksək olması demək deyil.
Şair hesab edir ki, ictimai dəyər vətəndaşa, ədəbi dəyər isə oxucuya ünvanlanır. Onun fikrincə, Azərbaycan ədəbiyyatında vətəndaş şeirinin üstün mövqeyi oxucu şeirinin inkişafına mane olur.
Aqşin Yenisey bunu millətin inşası prosesinin hələ başa çatmaması ilə əlaqələndirib. O bildirib ki, vətəndaş ədəbiyyatı millətin formalaşması prosesində bir növ tikinti avadanlığı rolunu oynayır və oxucu ədəbiyyatının ön plana çıxması üçün əvvəlcə bu proses tamamlanmalıdır.
Yazıçı İranın tarixi təcrübəsini də bu kontekstdə təhlil edib. Onun fikrincə, İranın gücünü yalnız hərbi texnologiyalarla deyil, XVI əsrin əvvəllərindən etibarən formalaşdırılan milli kimlik və ideoloji sistemlə izah etmək lazımdır. Yenisey Səfəvilər dövründə fars-sasani tarixi və alternativ dini dəyərlər üzərində toplumun inşası prosesinin başladığını vurğulayıb.
O, həmçinin İranın vətəndaş ədəbiyyatından oxucu ədəbiyyatına keçə bilməməsini dövlətin dini-ideoloji xarakteri ilə əlaqələndirib. Yeniseyin qənaətinə görə, vətəndaşın fərdi zövqünü və özünüifadəsini ön plana çıxarmasına imkan verən şərait yalnız milli dövlət modelində mümkündür.
Avropa ədəbiyyatının inkişaf mərhələlərinə toxunan müəllif klassisizmdən romantizmə, modernizmdən avanqardizmə və postmodernizmə qədər baş verən dəyişiklikləri cəmiyyət quruculuğu və dövlətlərin mərkəzləşməsi prosesi ilə əlaqələndirib. Onun fikrincə, Avropada milli dövlətlərin formalaşması başa çatdıqdan sonra vətəndaş ədəbiyyatına ehtiyac azalıb, oxucu ədəbiyyatı əsas mövqeyə keçib.
Aqşin Yenisey yazısını Azərbaycan ədəbiyyatının gələcək istiqaməti ilə bağlı sualla yekunlaşdırıb: məqsəd dünyaya çıxmaqdır, yoxsa millət inşa etmək?
Müəllifin fikrincə, dünyaya çıxmaq istəyən ədəbiyyat vətəndaş ədəbiyyatı ilə vidalaşmalı, millətin inşasını prioritet hesab edən cəmiyyət isə hələlik oxucu ədəbiyyatını ikinci plana keçirməlidir.
Orxan












