Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib ki, məktəb bufetlərində təqdim olunan qidaların keyfiyyətinin araşdırılmalıdır.
BUNA DA BAX:
“Məktəb bufetlərində təqdim olunan qidaların keyfiyyəti araşdırılmalıdır”
Deputat əlavə edib ki, ibtidai sinif şagirdlərinin gündə bir dəfə isti yeməklə təmin edilməsinin mümkünlüyü nəzərdən keçirilməlidir.
Gununsesi.info-ya danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövzuya belə münasibət bildirib:
“Əvvəllər Qostandart adlanan qurumun fəaliyyəti dövründə məktəb bufetləri ilə bağlı standart qəbul edilmişdi. Daha sonra Qida Təhlükəsizliyi Agentliyi də yeni tələblər müəyyənləşdirdi. Həmin tələblərə əsasən, məktəb bufetlərində kolbasa, sosiska, qızardılmış yeməklər, qazlı içkilər və digər zərərli qidalar satılmamalıdır.
Hazırda məktəb bufetlərinin fəaliyyəti ilə bağlı ciddi problemlər var. Xüsusilə rayonlarda bəzi bufetlərin məktəb direktorları ilə ayrı-ayrı şəxslərin ortaq qazanc mənbəyinə çevrilib. Bu səbəbdən də əsas məqsəd uşaqların sağlam qidalanması deyil, daha çox gəlir əldə etmək olur.
Digər bir problem isə şagirdlərin böyük tənəffüsdə yemək yeməyə kifayət qədər vaxt tapmamasıdır. Buna görə də biz həmişə təklif etmişik ki, məktəb bufetlərində alma, armud və digər meyvələrin satıldığı avtomat qurğular yerləşdirilsin. Şagirdlər həmin qurğulara pul ataraq qısa vaxt ərzində meyvə ala bilərlər.

Bu sahəyə ciddi nəzarət olunmalıdır. Valideyn komitələri və müəllimlər məktəb bufetlərinin fəaliyyətinə diqqət yetirməli, uşaqlara zərərli qidaların satılmasının qarşısını almaq üçün fəal olmalıdırlar.
Təəssüf ki, hazırda nəzarət demək olar ki, yoxdur. Məktəb bufetlərinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət etməlidir. Lakin qurumun əməkdaşlarının sayı məhduddur, məktəblərin sayı isə çoxdur. Bu səbəbdən də bütün məktəblərdə səmərəli nəzarət həyata keçirmək çətinləşir.
Şagirdlərin erkən yaşlarından zərərli qidalarla qidalanması gələcəkdə onların sağlamlığına mənfi təsir göstərə bilər. Buna görə də dövlətin bu sahədə ciddi istehlakçı siyasəti olmalıdır. Vətəndaş müraciət edən kimi çevik tədbirlər görülməli, yoxlamalar aparılmalıdır.
Valideyn komitələri, müəllimlər və cəmiyyətin fəal üzvləri bu məsələyə biganə qalmamalıdırlar. Nə qədər ki, bu sahədə ictimai nəzarət güclənməyib, məktəb bufetlərində uşaqlar üçün uyğun olmayan qidaların satılması davam edəcək”.
Şəbnəm Rəhimova












