“Heç nəyi dəyişmədən, çox şeyi dəyişmiş kimi göstərmək cəhdidir” - Natiq Cəfərli

  • 11 Noyabr 2026 13:30

Azərbaycanda saatlıq əməkhaqqı modelinin tətbiqi ilə bağlı müzakirələr yeni suallar doğurub. İqtisadçı Natiq Cəfərli təklif olunan mexanizmin həm işçilər, həm də dövlət və özəl sektor üçün hansı nəticələr verəcəyinin aydın olmadığını bildirib.

Gununsesi.info-nun xəbərinə görə, o qeyd edib ki, deputat Musa Quluyevin açıqlamasına görə, təklifdə saatlıq əməkhaqqının minimum məbləğinin minimum əməkhaqqının bir saata düşən məbləğindən az ola bilməyəcəyi nəzərdə tutulur.

Hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manatdır. Beşgünlük, gündə 8 saatlıq iş qrafiki əsasında hesablandıqda bir saatlıq əməkhaqqı təxminən 2,50 manat təşkil edir.

İqtisadçı sual edir ki, saatlıq əməkhaqqının bu məbləğdən aşağı olmaması şərti müəyyənləşdirilsə belə, işəgötürənin bir şəxsi gündə cəmi iki saatlıq işə qəbul edərək ona 5 manat ödəməsi nə dərəcədə səmərəli olacaq və belə iş modeli kimə sərf edəcək?

Cəfərlinin fikrincə, digər ciddi məsələ dövlət-büdcə sektorunda çalışanların saatlıq iş rejiminə necə keçiriləcəyidir. O, müəllimlərin, həkimlərin, polislərin, hüquq-mühafizə orqanları və məhkəmə sistemində çalışanların fəaliyyətinin saatlıq əməkhaqqı modeli ilə necə tənzimlənəcəyinin sual doğurduğunu vurğulayıb.

İqtisadçı özəl sektorda da bu modelin tətbiqinin asan olmayacağını düşünür. Onun sözlərinə görə, sahibkarlar yeni işçini tapmaq, işə qəbul etmək və ona işi öyrətmək üçün vaxt və maliyyə sərf edirlər. Buna görə də işəgötürənlərin bir iş yerini bir neçə nəfər arasında bölüşdürməyə maraqlı olacağı şübhə doğurur.

Natiq Cəfərli hesab edir ki, saatlıq əməkhaqqı modelinin tətbiqi ilə bağlı yanaşma daha çox dövlət-büdcə sektorunda yeni iş yerlərinin yaradılması görüntüsünə xidmət edə bilər.

O, bunu belə izah edib: tutaq ki, hansısa nazirlikdə 100 nəfər çalışır və hər birinin orta aylıq əməkhaqqı 1500 manatdır. Həmin işçilər ixtisar edilmədən dörd saatlıq iş rejiminə keçirilsə və hər birinə 600 manat maaş ödənilsə, eyni iş yerlərinin sayı dəyişmədən işçi sayı 100-dən 200-ə çatdırıla bilər. Bu halda iki işçiyə birlikdə 1200 manat ödənilməsi əvvəlki bir işçinin 1500 manatlıq əməkhaqqı ilə müqayisədə 300 manat qənaət kimi təqdim oluna bilər.

İqtisadçı hesab edir ki, belə bir yanaşma dövlət büdcəsinə qənaət və yeni iş yerlərinin yaradılması kimi təqdim edilsə də, əslində, əmək münasibətlərinin mahiyyətini dəyişməyə bilər.

Natiq Cəfərli fikirlərini ironik şəkildə yekunlaşdırıb:

“Dahiyanədir, yəni, heç nəyi dəyişmədən, çox şeyi dəyişmiş kimi göstərmək cəhdidir…”

Elmar

Gununsesi.info