Saat hesabı əməkhaqqı sisteminin müzakirəyə çıxarılmasını müsbət təşəbbüs hesab edirəm.
Çünki əmək münasibətlərində ən böyük problemlərdən biri işçinin əməyinin deyil, sadəcə iş yerində keçirdiyi vaxtın formal şəkildə qiymətləndirilməsidir. Halbuki əmək bazarı dəyişir, işin xarakteri dəyişir, insanların çalışma formaları müxtəlifləşir. Əməkhaqqı sistemi də bu dəyişikliklərə uyğunlaşmalıdır.
Ənənəvi əməkhaqqı modelində işçi, bir qayda olaraq, ay ərzində müəyyən edilmiş iş qrafikinə uyğun çalışır və bunun müqabilində sabit maaş alır. Lakin bu sistem bütün sahələrdə ədalətli nəticə vermir. Bəzən işçi gündə səkkiz saat işləsə də, faktiki olaraq onun iş yükü daha az olur. Bəzən isə səkkiz saatlıq iş vaxtı kifayət etmir, işçi əlavə saatlar işləməyə məcbur qalır, amma bunun qarşılığını lazımi səviyyədə ala bilmir.
Saat hesabı əməkhaqqı belə hallarda daha çevik və ədalətli mexanizm ola bilər. İşçinin neçə saat işlədiyi, əlavə iş vaxtı, gecə növbəsi və digər əmək şərtləri daha dəqiq nəzərə alınar. Ən əsası, işəgötürən işçinin əməyindən istifadə etdiyi hər saatın qarşılığını ödəmək məsuliyyəti daşıyar.
Bu sistemin başqa bir üstünlüyü də var: natamam iş vaxtı ilə çalışanların, tələbələrin, yarımştat işçilərin və müxtəlif layihələr üzrə fəaliyyət göstərən şəxslərin əməkhaqqının hesablanmasını asanlaşdırır. Hər kəsin mütləq tam ştatla və eyni qrafiklə işləməli olduğu düşüncəsindən uzaqlaşmaq lazımdır. Müasir əmək bazarı daha çevik münasibətlər tələb edir.
Ancaq burada mühüm bir məqamı da unutmaq olmaz. Saat hesabı əməkhaqqı işçinin sosial təminatını zəiflətmək, işəgötürənin məsuliyyətini azaltmaq və ya insanları qeyri-sabit gəlirə məhkum etmək vasitəsinə çevrilməməlidir. Əksinə, bu mexanizm işçinin hüquqlarını daha yaxşı qorumağa xidmət etməlidir.
Məsələn, işəgötürən işçini ay ərzində tam iş qrafiki ilə təmin etmirsə, yaxud iş həcminin azalmasını bəhanə edərək onun gəlirini aşağı salırsa, bu, avtomatik olaraq işçinin probleminə çevrilməməlidir. İşçinin minimum əməkhaqqı, ödənişli məzuniyyət, xəstəlik və sosial sığorta hüquqları qorunmalıdır. Əlavə iş saatlarının ödənişi də aydın və məcburi qaydada tənzimlənməlidir.
Digər tərəfdən, bütün peşələr üçün saat hesabı əməkhaqqı eyni dərəcədə uyğun deyil. Bəzi işlərdə nəticə, yaradıcılıq, məsuliyyət və peşəkarlıq iş yerində keçirilən saatlardan daha vacibdir.
Məsələn, bir mütəxəssis müəyyən işi iki saata, digəri isə altı saata görə bilər. Bu halda yalnız vaxta əsaslanmaq əməyin real dəyərini müəyyənləşdirmir. Deməli, saatlıq ödəniş sistemi sahənin xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır.
Məncə, ən optimal yanaşma saat hesabı əməkhaqqını alternativ və qanunla qorunan əməkhaqqı modeli kimi tətbiq etməkdir. İşçi ilə işəgötürən arasında münasibətlər şəffaf olmalı, saatlıq tariflər peşə və ixtisas səviyyəsinə uyğun müəyyənləşdirilməli, işlənmiş vaxtın uçotu obyektiv aparılmalıdır.
Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, əməkhaqqı işəgötürənin işçiyə göstərdiyi lütf deyil. Bu, görülən işin, sərf olunan vaxtın, bilik və bacarığın qarşılığıdır. Əmək münasibətləri də məhz bu prinsip üzərində qurulmalıdır.
Ona görə də saat hesabı əməkhaqqı ilə bağlı müzakirələri təqdir edirəm. Bu, əmək münasibətlərinin müasirləşməsi, işçinin hüquqlarının daha dəqiq müəyyənləşdirilməsi və əmək bazarında çevikliyin artırılması baxımından müsbət addım ola bilər. Əsas məsələ yeni sistemin işəgötürənin deyil, həm də işçinin maraqlarına xidmət etməsini təmin etməkdir.
Saatın qiyməti müəyyənləşdirilirsə, həmin qiymətin arxasında insan əməyinə hörmət dayanmalıdır.
Elmar
Gununesi.info












