“Ermənistanda yeni konstitusiya layihəsi ətrafında qalmaqallı fikirlər dolaşmaqdadır. Əsas qanunun əleyhinə çıxalarların arqumenti odur ki, konstitusiya Türkiyənin və Azərbaycanın maraqlarına uyğun hazırlanıb, Ermənistanın mənafeyinə uyğun deyil”.
Gununsesi.info xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib:

“Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Aram Manukyan yeni Konstitusiya layihəsinin parlamentdə bloklanmasına çağırıb. O, müxalifətin əsas vəzifəsinin layihənin ayrı-ayrı müddəalarını müzakirə etmək deyil, onun referenduma çıxarılmasının qarşısını almaq olduğunu vurğulayıb. Bir sözlə xarici havadarlarından dəstək alan Paşinyana qatı müxalif olan bəzi haylar yeni konstitusiyanın qəbuluna mane olacaqlarını bəyan edirlər.
Görünən odur ki, Nikol Paşinyan yalnız konstitusiya islahatı aparmır, həm də öz əhalisini metastaz vermiş erməni xəstəliyindən xilas etmək istəyir. O buna nə dərəcədə nail olacaq, onu yalnız zaman göstərər.
Bəs, Ermənistanda yeni konstitusiyanın qəbulu nəyi dəyişər?
Onu da qeyd edək ki, yeni layihədə Türkiyəyə və Azərbaycana qarşı torpaq iddiaları yoxdur. Bu artıq ondan xəbər verir ki, hay məmləkəti bu iki Türk dövləti ilə normal əlaqələr qurmaq istəyir”.
O əlavə edib ki, yeni konstitusiyanın qəbulu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına şərait yaradacaq:
“Bunun nəticəsində iqtisadi-siyasi əməkdaşlıq genişlənəcək. Regionda davamlı sabitlik yaranacaq. Təbii ki, bütün bunlar Rusiyanın imperiya maraqlarına cavab vermir. Şimal qonşumuz Cənubi Qafqazda son dayağı hesab etdiyi Ermənistanı asanlıqla itirmək istəmədiyinə görə, müxtəlif təzyiq vasitələrini işə salacağı şübhə doğurmur. Keçmiş prezidentlər Robert Koçaryan, Serj Sarkisyan dəfələrlə istifadə olunmuş və artıq istifadə yararsız fiqurlardır. Amma Rusiyanın Ermənistanda tör-töküntüləri hələ də qalmaqdadır. Kifayət qədər maliyyə resursları olan həmin qüvvələr hələ də dirəniş göstərirlər.
Bir sözlə Paşiyanın vəziyyəti ruscadır. Əgər baş nazir N.Paşinyan parlament seçkisində olduğu kimi, indi də əhali arasında ciddi təbliğat aparıb seçiciləri inandıra bilsə ki, yeni konstitusiyanın qəbulu zəruridir, o zaman müsbət nəticələr əldə edər. Əks təqdirdə konstitusiya riskləri qalmaqdadır”.











