İstiqlal şairi, güllə şairi…!

Onun haqqında çox şey demək olar. Hətta onu xatırlayanda susmaq da olar.

…Faciəli həyat, qanlı bioqrafiyası ilə əsərləri Azərbaycan Respublikasının varidatı hesab olunan,

“Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam,

Zülmə qarşı üsyankaram, əzilsəm də, susmaram!” – deyən və elə bu cür də olan, susmayan, səsinin batırılmağı üçün öldürülən, Azərbaycan Respublikasının himninin sözlərini yazan böyük istiqlal şairi, ideoloq Əhməd Cavad!

Əgər bir siyahı tutulsa, desələr, o dövrün şairlərini ayırın, ona belə yazmaq olar:

İstiqlal şairi, güllə şairi!

O, Sovetlərin “qılıncı”nın gördüyü ən ümdə adamlardan indi.

“Qılıncın” dili və Allahı olsa, mən bu səsi kəsmərəm deyərdi…

O, dövrünün haqq səsi, həqiqətin işığı idi:

“Soranlara bən bu yurdun

Anlatayım, nəsiyəm:

Bən çeynənən bir ölkənin

“Haqq!” bağıran səsiyəm!”(c) Əhməd Cavad

…Söhbət o şairdən gedir, onun haqqında deyilən bütün sözlər eyni idi, yəni, ən ali idi.

Söhbət o şairdən gedir, o sözlər ondan başqa, o formada heç kimə deyilməmişdi.

“O, şeirləri ilə türk xalqlarının, doğma Azərbaycanın apardığı istiqlal mübarizəsinə bir ordudan daha çox xidmət göstərdi. Onun qələmi minlərlə süngüyə bərabər idi”.(c) Məhəmməd Əmin Rəsulzadə

Bəli, məhz belə idi Əhməd Cavad.

Sovetlər həm də ləkəli anlar, adamlarla xatırlanır. Səd-əfsus, Əhməd Cavadlarla yanaşı bir xeyli satqınlar, yaşamaq uğrunda mübarizədə ideyalarından keçənlər də var idi. O adamlar elə həm də Əhməd Cavadların ölümünə fərman imzalamışdılar. O adamlar Əhməd Cavadın istedadından, ideyalardın, yolundan qorxmuşdular.

Fəqət elə onlara baxanda bir də bunları xatırlayırsan.

Kədərli olsa da deyirsən:

Deyirsən, nə yaxşı var idilər, nə yaxşı onlar canlarından keçə bildi, yollarından, prinsiplərindən dönmədilər.

Onlar da olmasa, necə olardı? Nələri xatırlayar, kimləri əsas tutardıq?

Əhməd Cavad tək özü yox, bu yolda xanımı Şükriyyə xanım da nümunə idi.

Onun nümunəsi sevgi, onun nümunəsi aşiqlik idi. O, onunçün canından da keçirdi. O, ləyaqətini, namusunu həm də onunçün qoruyurdu.

O bilirdi, yaxşı bilirdi həm də. Ki, Əhməd Cavadın xatunudur.

Elə bu səbəb, azad olmaq, sürgündən qurtulmaq üçün Əhməd Cavaddan boşanmaq da təklif olunanda, bu sevgi ilahəsi Şükriyyə xanım demişdi:

“Bəlkə də, Cavadı güllələyəcəklər. Amma mənim boşanma ərizəm ona güllədən də ağır olacaq. Mən Əhməd Cavada görə atam Süleyman bəyi ayaqlayıb, ona qoşulub qaçmışam. Amma Cavadı heç vaxt ayaqlamaram”.

Sovetlər tarixində ən dəhşətli repressiyaya məruz qalan bu ailə Azərbaycan ədəbiyyatının, mübarizə əzminin simvoludur. Elə məhz buna görə, Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnəndən sonra sağ qalan ailə üzvlərinin taleyi də faciəli olur. Xanımı Şükriyyəni də “vətən xaininin arvadı” kimi uşaqları ilə birlikdə həbs edirlər. Yeddi ildən sonra sürgündən azad edilsələr də, Bakıda yaşamaq qadağan olunur.

Təsəvvürü belə necə dəhşətlidir:

Qızın Almaz 1936- cı ildə, cəmi 16 yaşında xəstəlikdən dünyasını dəyişsin. Özün güllələn, xanımın həbs olunsun, 2 yaşlı Yılmaz oğlun körpələr evinə verilsin, 14 yaşlı Tuqay çətin tərbiyə olunan uşaqlar üçün nəzərdə tutulmuş yetimxanaya, 16 yaşlı Aydın oğlun” Keşlə həbsxanası”na göndərilsin.

İlahi, heyrət, ey büt!

Şair qızı üçün də bu misraları demişdi:

“On altıncı bahar, nə qanlı bahar!..
Ox, qızım, fələkdə nə dönüklük var!?”

Bəli, tarix, dəyər həm də budur.

Bu gün Əhməd Cavadlar edilən bütün ləkələrə, qəsdlərə baxmayaraq öz yerlərini tutublar. O yerlər indi ən müqəddəs yerlərdir. Apardığı mübarizəli həyat yolunda “xalq düşməni” damğası ilə güllələnsə də, bu gün o, gerçək bir xalq qəhrəmandır.

Onun qəlblərdəki heykəli də elə ona atılan nadan daşlardan ucaldı…

Orxan Saffari

Gununsesi.info