Övladlarını erkən nigaha məcbur edən valideynlərə ağır cərimə tətbiq edilməlidir

Xəbər verdiyimiz kimi, dünən Milli Məclisin deputat Tahir Kərimli parlamentdəki çıxışında 18 yaşına çatmamış, rəsmi nikah olmadan cinsi münasibətlərdə olan uşaqların valideynlərinə cərimə tətbiq olunması təklif edib.

Gununsesi.info-nun xəbərinə görə, deputat valideynlərə 5000 manat cərimə tətbiq edilməsini təklif edib.

O, cəmiyyəti sağlamlaşdırmaq üçün belə valideynlərin maddi və mənəvi cəhətdən ziyan çəkməyini düzgün hesab edir.

Mövzu ilə Gununsesi.info-ya danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deputatın bu təklifini bəyəndiyini deyir.

Kəmalə Ağazadə vurğulayır ki, 18 yaşdan istisna hallarda yaşın endirilməsi İcra Hakimiyyətinin qərarı əsasında qüvvədə qalacaqsa, bunu həyata keçirtmək çətin olar:“Bu məsələlərdə hər dəfə valideyni cəzalandırmağın tərəfdarıyıq. Düzdür, bir çox hallarda erkən nikahlar valideynin istəyi baş verir. Qanunsuz olaraq münasibətlər formalaşır. Amma heç kəs həmin qızla izdivaca girənin cəzasının tətbiqini nədənsə hallandırmır. Düşünürəm ki, bu cəzanın beş dəfə artığını qarşı tərəf üçün etmək lazımdır. Əgər o prizmadan çıxış etsək, düşünürəm ki, Tahir bəyin dediyi təklif çox maraqlıdır”.

Onun fikrincə, bu qanun həyata keçərsə bir çox təcavüz hallarının da qarşısı alınar: “Çünki bir çox hallarda qızlar həyatı dərk etmədiyi bir yaşda münasibət qurur. Yenə də burada hormon üstə çıxır. İntim, seksual mədəniyyət formalaşmır. Təəssüf ki, uşaqlar arasında bunun təhlükəli tərəflərini heç kim izah etmir. Buna görə də  bu problemlər ortaya çıxır”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sonda əlavə edir ki, bu qanun qüvvəyə minərsə və ya cinayət məcələsinin inzibasti cəzalar əlavə olunarsa o zaman bir çox hallarda bu kimi məsələlərin qarşısı rahatlıqla alınar.

 

Şəbnəm Rəhimova 

Gununsesi.info