
Rusiya Prezidenti Vladimir Putin İstanbul və Minsk razılaşmaları əsasında Ukrayna ilə dialoqu davam etdirməyə hazır olduqlarını bildirib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Rusiya prezidenti Vyetnamın paytaxtı Hanoyda keçirdiyi mətbuat konfransında deyib.
“İstanbul və Minskdə təxminən bir ay yarım davam edən çətin danışıqlarda əldə olunan bu razılaşmalara əsasən, biz Ukrayna tərəfi ilə dialoqumuzu davam etdirməyə hazırıq”, – deyən Putin, harda və nə vaxt olmasının “fərq etmədiyini” əlavə edib.
Minsk razılaşmaları 2014-cü ildə Ukraynanın rusiyapərəst separatçı Donbas və Luqansk vilayətləri ilə Kiyev administrasiyası arasında davam edən münaqişəni dayandırmaq üçün imzalanıb.
Razılaşmalar bölgədə atəşkəs və əsir mübadiləsi, həmçinin Ukraynanın Donbas bölgəsinə xüsusi status verəcək konstitusiya dəyişikliyini ehtiva edirdi.
Digər tərəfdən, rusiyayönlü separatçılar Ukrayna-Rusiya sərhədindən silahlarını geri çəkməli idilər, lakin tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham etdiyi üçün razılaşmaların icrası pozulub.
2022-ci ilin fevralında verdiyi açıqlamada Putin “Minsk razılaşmalarının artıq mövcud olmadığını” bildirib.
Bu bəyanatdan bir ay sonra Türkiyə hökumətinin diplomatik təşəbbüsləri nəticəsində Rusiya və Ukrayna İstanbulda bir sıra sülh danışıqları apardılar və hətta gələcək sülh sazişinin layihəsini razılaşdırdılar. Lakin sonradan Kiyev administrasiyası mövqeyini dəyişərək danışıqlardan geri çəkilib.
Həmin ilin oktyabrında Ukrayna prezidenti Vladimir Zelenski Putin prezident olduğu müddətdə Rusiya ilə hər hansı sülh danışıqlarını qadağan edən fərman imzalayıb.
Rusiya Ukraynanın Qara dəniz sahilindəki Krım yarımadasını ilk dəfə 2014-cü ildə işğal edib.
Krımın işğalından az sonra Donbasda əsasən etnik rusların yaşadığı Luqansk və Donetsk vilayətləri Rusiyanın dəstəyi ilə Ukrayna administrasiyasına müharibə elan edərək, iki tanınmamış respublika qurdular. Daha sonra Rusiya Ukraynanı işğalı çərçivəsində bu iki respublikanı ilhaq etdi.
2022-ci ilin fevralında Rusiya Ukraynanın “nasistlərdən təmizlənməlidir” iddiası ilə ölkəyə qarşı geniş miqyaslı işğala başladı və münaqişələr, xüsusən də Ukraynanın şərqində hələ də davam edir.
Günay Mahirqızı
Gununsesi.info