Türkiyənin sabiq ailə və sosial siyasətlər naziri, AKP-nin keçmiş sədr müavini Fatma Betül Sayan Kaya barəsində həbs tələbi irəli sürülüb.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun maliyyə bazarlarında mümkün qanunsuz əməliyyatlarla bağlı apardığı istintaq çərçivəsində Kaya və həyat yoldaşı İlyas Kayanın səhm alqı-satqısı araşdırılır.
Məlumata görə, cütlük 2026-cı ilin aprelində ümumilikdə təxminən 163 milyon türk lirəsi dəyərində “Özata Denizcilik” şirkətinin səhmlərini alıb. Həmin səhmlərin sentyabr ayında satışından əldə olunan vəsaitin 2 milyard 170 milyon lirəyə çatdığı bildirilir.
İstintaqın əsas diqqəti bu qədər böyük qazancın necə əldə edilməsinə, əməliyyatların vaxtına və mümkün daxili maliyyə məlumatlarından istifadə edilib-edilməməsinə yönəlib.
Kaya isə ifadəsində heç kimdən xüsusi məlumat və ya istiqamətləndirmə almadığını, investisiya qərarlarını müstəqil verdiyini bildirib.
Məlumata əsasən, ailə əldə etdiyi qazanc kimi göstərilən təxminən 1 milyard 860 milyon lirəni Türkiyənin Əmanətlərin Sığortalanması Fondunun (TMSF) müəyyən etdiyi hesaba köçürüb. İlkin investisiya və faiz məbləğinin isə bu ödənişə daxil edilmədiyi bildirilir.
Türkiyə iqtisadiyyatına mümkün zərər
Araşdırmanın iqtisadi baxımdan ən ciddi tərəfi kapital bazarlarında şəffaflıq və investor etimadı ilə bağlıdır.
Səhmlərin qiymətindəki kəskin artım və sonrakı maliyyə əməliyyatları Türkiyədə investisiya fondlarının fəaliyyətinə də təsir göstərib. Reuters-in məlumatına görə, yaranmış böhran yüz minlərlə investorun vəsaitlərini geri götürmək cəhdləri ilə müşayiət olunub.
Mümkün insayder ticarəti və bazar manipulyasiyası şübhələri investorların maliyyə itkilərinə, fondlarda likvidlik probleminə və Türkiyənin kapital bazarlarına etimadın zəifləməsinə səbəb ola bilər.
İş üzrə diqqətçəkən məqamlardan biri də Türkiyə Kapital Bazarları Şurasının (SPK) sabiq rəhbəri İbrahim Ömer Gönülün istintaqa cəlb edilməsidir.
Noyabrın 5-də aparılan prosessual tədbirlərdən sonra Fatma Betül Sayan Kayanın həbs tələbi ilə məhkəməyə göndərildiyi, həyat yoldaşı İlyas Kaya və sabiq SPK sədri İbrahim Ömer Gönülün isə məhkəmə nəzarəti ilə sərbəst buraxıldığı bildirilir.
Qeyd edək ki, istintaq üzrə yekun hüquqi qərar verilməyib və şəxslərin təqsiri məhkəmə tərəfindən sübuta yetirilməlidir.
Afət Abbasova
Gununsesi.info












