Oktyabrın 27-sidir – 74 yaşım tamam oldu. Amma 60, özəlliklə 70-dən sonra insan təkcə yubileylərində deyil, başqa doğum günlərində də geriyə boylanır, öz həyatına, gördüyü iş və əməllərinə nəzər salmağa çalışır.
On il əvvəl Almaniyaya mühacirət elədim.
Necə də tez ötdü vaxt, bu müddətdə nə qədər hadisə baş verdi…
İctimai önəm daşıyan işləri, şəxsi həyatımda baş verən bir çox olay və görüşlərin az qala hamısını sizə – dostlarıma və oxucularıma danışmışam. Amma indi söhbət ondan getmir. İndi Almaniyada, mənə sığınacaq verən bu ölkədə keçirdiyim on il ərzində necə dəyişdiyimdən danışmaq istəyirəm. Özümdən və Almaniyadan.
Almaniya adamı dəyişdirir. Yavaş-yavaş, sakitcə, heç özün də hiss etmədən. Amma xeyli dəyişdirir.
Əvvəllər küçə boş olanda işıqforun qırmızı işığında dayanan almanlar mənə qəribə gəlidri. İndi səhər tezdən bomboş, ətrafda da bircə maşın olmayan küçədə dayanıb gözləyirəm.
Almaniya adamı dəyişdirir. Əvvəllər tanışlarım danışanda alman sözləri işlətmələri qəribə gəlirdi. İndi özüm «velosiped» əvəzinə «Fahrrad», «Rathausda Terminim var», «Überweisung göndərdim» deyirəm və normal sayıram.
Əvvəllər bazar günü mağazaların bağlı olması mənə nəinki qəribə, hətta dözülməz görünürdü. Birdən çağırılmamış qonaq gəldi, onda nə? İndi bazar günü çağırılmamış qonaqlar gəlmir. Hərçənd şənbədən bazar günü üçün hər şey alıb hazır saxlayıram. Amma bazar günü səhər tezdən videolu telefon zəngiı, qonşu tozsoranının səsi artıq məni də qıcıqlandırır.
Almaniya adamı dəyişdirir. Mən əvvəllər də özümə baxan idim – piyada gəzirdim, qaçırdım, üzürdüm, yoqa ilə məşğul olurdum, aclıq günlərim oludu, bağda işləyirdim və bunu azlığın məşğul olduğu xüsusi bir iş sayırdım. İndi görürəm ki, Almaniyada hər yaşda insanlar gəzir, qaçır, üzür, velosiped sürür, yoqa və gimnastika ilə məşğul olur, pəhriz saxlayırlar. Almanlar coqqinqlə amerikalılar kimi məşğul olur, velosipedu fransızlardan artıq sürür. Yavaş-yavaş anladım ki, sağlamlığının qayğısına qalmaq azlığın işi deyil, hamının gündəlik həyatının təbii bir hissəsidir. Daha doğrusu, olmalıdır. Hər kəs də öz imkanları daxilində edir.
Əvvəllər Lidl, Aldi ya Norma mağazalarında aldığımı kassir kassadan keçirənə qədər arabama ya çantama yığmağı çatdırmırdım. İndi kassir ərzağı kassaya tam vurub qurtarana qədər arabama yığıram.
Almaniya adamı dəyişdirir. Əvvəllər tanımadığım adama, kişi, xüsusən də qadınlara gülümsəməzdim. Azərbaycanda kişi hörmətli olmaq üçün qaşqabağlı, ən azı ciddi və sakit olmalıdır. Kişilər gülümsəyən kişini maygülü sayar, düşünə bilərlər ki, bu özünü kişi kimi aparmır.
Qadınlar isə elə bilərlər ki, gülümsəyən kişi onlarla maraqlanır, tanış olmaq, mazaqlaşmaq istəyir. İyirmi-otuz ilöncə bir qadın mənə gülümsəyəndə düşünürdüm ki, yəqin məni tanıyır, ya da məndən xoşu gəlir, bəlkə də naz edir. Almaniyada isə adamlar sənə baxanda sadəcə nəzakət üçün gülümsəyir. İndi isə başa düşürəm ki, burada qadın sənə gülümsəyəndə bu səmimiyyətdən irəli gəlir, burada naz-qəmzə yoxdur. İndi mən də hamıya – kişi və qadınlara, cavan və yaşlılara rahatca gülümsəyirəm. Onlar da mənə gülümsəyirlər. Elə-belə, heç bir xüsusi səbəb olmadan…
Mən hələ Bakıda yaşayanda da demokratik dövlətin necə olmalı olduğunu bilirdim. Bu barədə yazırdım da. Amma Azərbaycanda məmur vətəndaşa öz qurbanı, ovu kimi, nəsə qoparılası, sağılası adam kimi baxır. Almaniyada isə məmur problemi, dərdiylə yanına gələn, imdad diləyən adama xidmət etməli, kömək göstərməli olduğu bir vətəndaş ya qaçqın, mühacir kimi kimi yanaşır. Və burada dövlətin və məmurun necə ola bilməsini gözlərimlə gördüm. Burada dövlət vətəndaş üçün mövcuddur, vətəndaş dövlət üçün yox.
Almaniya adamı dəyişdirir. Əvvəllər görüşmək, birlikdə gəzmək üçün iki həftə əvvəldən vaxt təyin etmək qəribə gəlirdi. İndi təqvimimdə «iki həftə sonra şənbə günü, saat 12:00» yazıram və mənə tam normal görünür.
Əvvəllər zərfdə kağız məktublar məni bir köhnəlik, qədimlik kimi qəribə gəlirdi, elə bilirdim ki, dövrü çoxdan keçib. İndi isə hər gün ilk işim poçt qutusuna e-mailimə kimi baxmaqdır. Birdən Rathausun sosialından, yəni şəhərin İH sosial şöbəsindəki kuratorumdan məktub gəlib?
Almaniya adamı dəyişdirir. Əvvəllər həkimin qəbul-gözləmə otağına keçib səssizcə otururdum, yaxud küçədə, parkda, meşədə gəzərkən qarşıma çıxan adamların mənə kənddəki kimi salam verməsinə təəccüblənirdim. İndi isə özüm hamıya «Guten Morgen», «Guten Tag» ya «Guten Abend» deyirəm, ən azı başımı tərpədib salamlayıram, hətta cavab verməyəndə təəssüflənirəm.
Almaniya adamı dəyişdirir. Əvvəllər altmış-yetmiş yaşlı bir cütlüyün əl-ələ tutub, sanki məftun tələbə ya məktəbli kimi gəzdiyinə bildirməsəm də təəccüblə, qıyqacı baxırdım. Bu yaşda? İndi isə tam təbii sayıram. Nədi, qoca at arpa yeməz? Yolda-küçədə əl-ələ tutub getməkdə pis nə var? Niyə də yox? Başa düşürəm ki, mehribançılıq, bir-birinə diqqət göstərməyə, oxşamağa, əzizləməyə, sevgiyə yaş həddi qoymaq haqqım yoxdur. Almanlar özləri bilər. Kişi yetmişində də, səksənində də kişi olaraq qalmır? Əlbəttə, baxır adamına. Mən kişilikdən çıxmışam? Yox. Qadın da eləcə…
Mən həmişə qənaətcil olmuşam, anam şəkilidir. Azərbaycanda sanırdım ki, qənaətcillik yaxşı şey olsa da, az adama xas şəxsi keyfiyyətdir. İndi görürəm ki, Almaniyada bu milli mədəniyyətdir, milli təfəkkürün bir hissəsidir. Burada hətta babat qazanan adamlar da endirimli mal alır, boş botulları qaytarıb pulunu götürür, mağazaya ya işə bahalı Mercedes, Audi, BMW ilə deyil, velosipedlə ya avtobusla gedir, köhnə paltar geyir, təzəsini almağa tələsmirlər. Var-dövlətiylə fors eləmək, sadəliik və qənaəti kasıblıq və ya xəsislik əlaməti saymaq heç kimin ağlına gəlməz. İstisnalar var, əlbəttə, amma çox azdır. Almaniyada qənaətcillik ehtiyacdan daha çox pulun, zəhmət və sərvətin qədrini bilməkdən irəli gəlir.
Almaniya adamı dəyişdirir. Əvvəllər də bilirdim ki, insanın ləyaqəti cibindəki pulun miqdarından asılı deyil, olmamalıdır. Amma sosial yardım Bakıda mənə hakimiyyətin bir lütfü, mərhəməti kimi görünürdü. Onu almaq üçün ora-bura qaçmalı, xahiş-minnət etməli, məmura minnətdarlıq ya hörmət eləməli idin, çünki hakimiyyət bu yardımı vermək istəmirdi. İndi bilirəm ki, pandemiya zamanı insana verilən yardım da, təqaüdçünün pensiyası da, çətin vəziyyətə düşən adama göstərilən kömək də məmurun hədiyyəsi ya lütfü deyil, qanunla nəzərdə tutulan hüquqdur. Almaniya Federativ Respublikası isə qayğıma vaxtilə ata-anam, doğma və yaxınlarım qaldığı kimi qalır.
Almaniya insanları dəyişdirir. Amma birdən-birə, bir aya, bir ilə yox. Əvvəlcə alman qaydaları adama qəribə, bəzən gülünc görünür, sonra alışırsan. Amma mən bu qaydaları lap əvvəldən müdafiə etmişəm, həmvətənlərimə də izah etmişəm.
Artıq on ildir burada yaşayıram. Mən də dəyişmişəm. Hərçənd almanlar üçün hələ də almancası o qədər də yaxşı olmayan bir Ausländer – xariciyəm. Azərbaycandan turist kimi gələn həmvətənlərim üçün isə artıq az qala almanam.
Yalnız bir məqamda dəyişməmişəm – azərbaycanlı qalmışam. Amma azərbaycanlı olmaq azdı, çox azdı. O qədər azərbaycanlı var ki, siyasətə qarışmayan. Mənim isə on il əvvəl olduğu kimi, bu gün də həyatımda ən öməmli Azərbaycanda azadlıq, demokratiya və sosial ədalət uğrunda dirəniş və mübarizə sıralarında olmaq, qələm və sözlə mübarizə aparmaqdır.
Müəlllif:Çingiz Sultansoy












