İlqar Məmmədov: Cəmiyyətin prezidentlərdən gözləntiləri ölkəni təhlükəli qərarlara apara bilər

  • Müəllif: Orxan
  • 26 Oktyabr 2026 10:04

Siyasətçi İlqar Məmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Oktay Saralın vəzifədən çıxarılması ətrafında baş verənləri şərh edərək Azərbaycan cəmiyyətinin prezidentlərdən gözləntilərini tənqid edib.

Gununsesi.info xəbərinə görə, Məmmədov bu barədə yazıb ki, Oktay Saralın Bakının tələbi ilə işdən çıxarılması iddiası Azərbaycan prezidentlərinin fəaliyyət şəraitinə dair müəyyən xüsusiyyəti bir daha üzə çıxarır.

O, fikirlərini əsaslandırmaq üçün Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəylə Rusiyanın keçmiş prezidenti Boris Yeltsin arasında baş verdiyi deyilən telefon danışığını xatırladıb.

Məmmədovun qeyd etdiyi hadisəni vaxtilə Hikmət Hacızadə danışıb.

Onun sözlərinə görə, Yeltsin Elçibəydən bəzi gəmilərin keçidinə icazə verməsini xahiş edib. Elçibəy əvvəlcə sərt reaksiya göstərərək telefonun dəstəyini asıb. Ətrafındakılar onu cəsarətinə görə alqışlayıblar. Yeltsin yenidən zəng edərək dostluq münasibətlərinə istinadla xahişini təkrarladıqdan sonra Elçibəy gəmilərin keçidinə razılıq verib və ətrafındakılar bu dəfə də onu alqışlayıblar. Məmmədovun bildirdiyinə görə, Hacızadə bu hadisəni təəssüflə xatırlayırdı.

Siyasətçi hesab edir ki, belə epizodlar yalnız prezidentlərin davranışını deyil, cəmiyyətin onlardan nə gözlədiyini də göstərir.

Onun fikrincə, Elçibəy öz ətrafının daimi təsdiqindən asılı olduğu kimi, bu gün də sosial şəbəkələrdə insanlar İlham Əliyevdən Azərbaycanın real siyasi və iqtisadi gücü ilə ehtiyaclarına mütənasib olmayan addımlar atmasını gözləyirlər.

Məmmədov vurğulayıb ki, cəmiyyətin prezidentlərdən bu cür gözləntiləri yersiz və zərərlidir.

Onun qənaətinə görə, ayrı-ayrı diplomatik epizodlardan əlavə, prezidentlər üzərində yaradılan bu təzyiq ölkəni təhlükələrə açan yanlış strateji qərarların qəbuluna da şərait yarada bilər.

Elmar

Gununsesi.info