Politoloq: İran əvvəlcə azərbaycanlıların ana dilində təhsil hüququnu təmin etməlidir

  • Müəllif: Firuzə
  • 26 Oktyabr 2026 14:52

Politoloq Turan Rzayev İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafın Azərbaycanda məktəbli geyimi ilə bağlı açıqlamasını tənqid edib.

Gununsesi.info xəbər verir ki, Rzayevin sözlərinə görə, İran rəsmisinin Azərbaycanda vahid məktəbli geyiminin tətbiqini tənqid etməsi və geyim qaydalarına görə təhsildən məhrum olduqlarını iddia edən qızlara İran universitetlərində təhsil imkanı təklif etməsi ziddiyyətli yanaşmadır.

İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf daha əvvəl İran universitetlərinin azərbaycanlı qızları qəbul etməyə hazır olduğunu bildirərək geyim formasının təhsilə mane olmamalı olduğunu vurğulayıb.

Politoloq diqqəti İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq imkanlarına yönəldib.

O qeyd edib ki, İranda milyonlarla azərbaycanlının yaşamasına baxmayaraq, onların ana dilində məktəb təhsili alması ilə bağlı ciddi problemlər mövcuddur.

Rzayevin fikrincə, İran rəsmiləri başqa ölkələrin təhsil siyasətini tənqid etməzdən əvvəl öz ölkələrində milli azlıqların, xüsusilə azərbaycanlıların ana dilində təhsil hüququnun təmin olunması məsələsinə diqqət yetirməlidirlər.

Politoloq vurğulayıb ki, Azərbaycanın təhsil siyasəti ölkənin daxili işidir və bu sahədə qərarlar Azərbaycanın özü tərəfindən verilir. Onun yanaşmasına görə, İranın bu məsələdə mövqe bildirməsi fonunda ölkədə azərbaycanlıların ana dilində təhsil hüququ ilə bağlı suallar da aktuallığını qoruyur.

Turan Rzayev həmçinin hesab edir ki, təhsil və hüquqlar məsələsində prinsipial mövqe nümayiş etdirmək istəyən İran rəsmiləri ilk növbədə öz ölkələrində mövcud problemlərin həllinə çalışmalıdırlar.

Orxan
Gununsesi.info