Əliyev Ərdoğanın dəvətini qəbul edəcəkmi? - TÜRKİYƏNİN BAKIDAKI KEÇMİŞ SƏFİRİ DANIŞIR

Azərbaycan-Türkiyə münasibətləri ətrafında son günlər yaşanan siyasi gərginlik fonunda Prezident Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevə telefon  etməsi və onu Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısına dəvət etməsi yeni situsiya yaradıb. 

 

Telefon danışığı zamanı Ərdoğan Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə İlham Əliyevi təbrik edib. Türkiyə liderinin dəvətindən sonra diqqətlər Azərbaycan Prezidentinin Ankara sammitində iştirak edib-etməyəcəyinə yönəlib.

 

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Gununsesi.info -ya açıqlamasında deyib ki, o, İlham Əliyevin TDT-nin 13-cü Zirvə toplantısında iştirak edəcəyinə inanır. 

Hulusi Kılıç qeyd edib ki, arzuolunmaz prosesdən lazımi dərslərin çıxarıldığına inanır və Prezident İlham Əliyevin müdrik, sağlam düşüncəli və məsuliyyətli qərar verərək zirvəyə qatılacağını düşünür.

 

Sabiq səfir Türk Dövlətləri Təşkilatının yaranmasında İlham Əliyevin rolunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, təşkilatın təməli 2009-cu il oktyabrın 3-də Naxçıvanda qoyulub. Həmin dövrdə Azərbaycanda səfir olduğunu xatırladan Kılıç bu tarixi hadisəyə şahidlik etməkdən qürur duyduğunu bildirib.

 

“Zirvənin Bakıda deyil, Naxçıvanda keçirilməsinin mənası çox böyükdür. Naxçıvan Türk dünyasının qapısıdır. Buna görə də TDT-ni cənab Prezidentin əsəri kimi qiymətləndirmək olar”, – deyə o qeyd edib.

 

Hulusi Kılıç Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində səsləndirdiyi fikirlərin də Türk dünyası üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

 

Sabiq səfir dövlət başçısının “Mənim ailəm Türk dünyasıdır, başqa ailəm yoxdur” və “Mənim təşkilatım TDT-dir” fikirlərinin yaddaşlara həkk olunduğunu və Türk dünyasında birlik ideyasına güclü təsir göstərdiyini bildirib.

 

Onun fikrincə, 300 milyonluq Türk dünyası üçün mühüm əhəmiyyət daşıyan zirvə toplantısında hər bir üzv dövlətin lideri ikitərəfli münasibətlərdən əlavə, bütövlükdə Türk dünyası qarşısında da məsuliyyətini nəzərə almalıdır.

 

Hulusi Kılıç Ankara sammitində dünyaya Türk dünyasının vahid ailə olduğu, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında birlik və həmrəyliyin mövcudluğu barədə aydın mesaj verilməsinin vacibliyini qeyd edib.

 

Günay Mahirqızı

Gununsesi.info