
İyulun 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Zaur Hüseynovun sədrliyi ilə “Abzas Media işi” üzrə həbs edilən jurnalist Elnarə Qasımovanın şikayətinə baxılıb.
Gununsesi.info xəbər verir ki, barədə jurnalistin vəkili Günay İsmayılova məlumat verib.
İsmayılova bildirib ki, apellyasiya şikayəti jurnalistin ev dustaqlığına buraxılmaması qərarı ilə bağlı olub.
Belə ki, iyulun 3-də Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin müraciətini Xətai Rayon Məhkəməsi rədd edib.
Apellyasiya Məhkəməsi də şikayəti təmin etməyib.
Elnarə Qasımova məhkəmədəki çıxışında onları məhkəmələrə gətirən Penitensiar Xidmətin avtomobillərindəki şəraitsizlikdən şikayət edib. O deyib ki, onları məhkəməyə gətirən maşınlar 2 nəfərlik olsa da, eyni anda 3-4 nəfər bu avtomobillərə mindirilir və xüsusilə yay fəslində bu cür şəraitsiz vəziyyətdə harasa aparılmaq çətindir.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər isə ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.
Gununsesi.info