Azərbaycanda talışlara qarşı ayrı-seçkilik yoxdur - DEPUTAT İQBAL ƏBİLOVUN HƏBSİNDƏN DANIŞDI

  • By admin
  • 26 İyul 2024 16:30

Xəbər verdiyimiz kimi,  “Talış Milli Akademiyasının xəbərləri”nin baş redaktoru İqbal Əbilov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 283 (milli ədavətin qızışdırılması) və 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunur.

Gununsesi.info-nun xəbərinə görə, xaricdə yaşayan talış kökənli fəallar bu həbsin arxasında siyasi motiv olduğunu iddia edib.

Onların iddiasına görə, Azərbaycanda talış əsilli insanlar təzyiqlərə məruz qalır.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə Gununsesi.info-ya açıqlamasında bu iddiaları yersiz adlandırıb: “Azərbaycan azsaylı ölkələrdəndir ki, burada etnik azlıq problemi olmayıb. Bəzən bizi insan haqlarına görə tənqid edən Avropa Şurasının özü belə Azərbaycanda  etnik azlıqlar məsələsində nöqsan görməyib.

Çünki, Azərbaycanda multikultural cəmiyyət var. Bu cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirməkdə sərbəstdir. Azərbaycan hamının ümumi və bölünməz vətənidir. Bugün kimsə xarici xüsusi xidmət orqanlarının təsirinə düşürsə və ölkənin konstitusiya quruluşu əleyhinə olan planların iştirakçısı olursa, ən sərt şəkildə məsuliyyətə cəlb olunmalıdır. Mən düşünmürəm ki, adıçəkilən şəxsin həbsi talışlarda hansısa mənfi reaksiyaya səbəb olsun. 44 Günlük Vətən savaşında qəhrəmancasına şəhid olan əsgərlərimiz arasında talış kökənli vətəndaşlarımız da olub. Övladlarını torpaq uğrunda şəhid edən bu insanlar konkret şəxsin əməlinə haqq qazandırmaz. Hesab edirəm ki, bu bir neçə nəfərin talışlar adından söylədiyi fikirlərdir”.

İqbal Əbilov barəsində hazırda istintaq getdiyini vurğulayan deputat əlavə edib ki, istintaqın sonunda onun həbsinin detalları da cəmiyyətə açıqlanacaq.

 

Günay Mahirqızı

Gununsesi.info