
ABŞ Dövlət Departamentinin “90 gün müddətinə bütün yardımların dayandırılması” qərarı Ukraynaya silah tədarükünə aiddirmi?
Bu məsələdə son 2 gün ərzində mətbuatda(ABŞ mətbuatı başda olmaqla) çox qarışıq və ziddiyyətli məlumatlar gəldiyinə görə insanlarda müəyyən çaşqınlıq yaranıb. Aydınlıq gətirək.
Dövlət Departamentinin qərarı iqtisadi sektorda müəyyən maliyyə yardımlarının bloklanması ilə yanaşı, həm də hərbi sektorda yardımların bloklanmasını nəzərdə tutur və nəzəri cəhətdən söhbət Ukraynaya yardımlardan da gedə bilər, amma getmir, niyə?
Ukraynaya sırf hərbi yardım bir neçə proqramla ayrılır: FMF(Foreign Military Financing), USAİ(Ukraine Security Assistance Initiative), PDA(Presidential Drawdown Authority).
Adətən FMF proqramı ilə ayrılan pullar şəxsi heyətin təlimləri üçün ayrılır və digər proqramlarla ayrılan pulların məbləğlərinə nisbətən çox cuzi olur. Bu proqramla ayrılan bütün pullar artıq Ukraynaya verildi və istifadə olundu.
ABŞ Dövlət Departementi hərbi sektora aid məhz FMF proqramı ilə pul ayrılmasını dayandırıb. Hərbi sektora aid olmayan proqramlardan isə USAİD-i(humanitar) dayandırdılar.
Sonra.
PDA.
Bundan qabaq dəfələrlə bunu yazsaq da, təkrar edək. 15 aprel 2021-ci ildə Co Bayden ABŞ-da fövqəladə vəziyyət elan edib və bu haqda Konqresə məktub göndərmişdi. Səbəb:”Rusiya tərəfindən ABŞ milli təhlükəsizliyinə, iqtisadiyyatına və xarici siyasətinə təhdidi” göstərdi Fövqəladə vəziyyətin ABŞ-da vətəndaşların həyatına heç bir təsir göstərməsə də, prezidentə xarici ölkələrə Konqres tərəfindən ayrılandan hərbi yardımdan əlavə yardımlar göndərməyə imkan yaradırdı. Məhz bu sərəncam ABŞ prezidentinə PDA proqramından istifadə etməyə imkan verirdi və verir. Bu proqramla ayrılan silahlar dərhal Pentaqonun bazalarından Ukraynaya göndərilir, yəni prezident silah yardımın ayrılmasını imzalanandan 3-7 gün sonra silahlar artıq Ukraynaya çatdırılır. Başqa sözlərlə, Dövlət Departamentinin qərarı bu proqrama aid deyil və heç nəzəri olaraq da aid ola bilməz.
USAİ.
USAİ proqram ilə ayrılan silahlara gəlincə, bu məsədə durum bir az fərqlidir və narahatlıq da məhz bu proqrama görə idi. USAİ proqramı ilə ayrılan silahlar Pentaqonun bazalarından ayrılmır, Pentaqon hərbi sənaye şirkətlərindən Ukrayna üçün silahlar sifariş verir, şirkətlər onları istehsal edir, sonra da bu silahlar göndərilir. Silahların növündən asılı olaraq müqavilə bağlanan gündən Ukraynada bu silahın peyda olunmasına qədər 1 aydan 1 ilə qədər fərq ola bilər. Misal üçün Baydenin 4-5 ay qabaq USAİ proqramı ilə Ukraynaya ayrılan silahlar hələ təzə-təzə Ukraynaya göndərilməyə başlayır, müqavilələr var.
Əsas narahatlıq o idi ki, Rubionun qərarı həmin müqavilələrə təsir edə bilərdi və əgər etsə idi, bu fakt ABŞ sənaye kompleksinin nüfuzuna çox ciddi zərbə olardı, yəni ABŞ HSK-si bağlanan müqavilələr üzrə öhdəliklərini yerinə yetirmir, Dövlət Departamenti və Pentaqon(+HSK) arasında böyük qalmaqal yaranardı, amma bu baş vermədi.
Nəticə etibarı ilə Marko Rubionun qərarı ABŞ-ın Ukraynaya hərbi yardımına təsir etmir.
Məhdudiyyətlər ancaq FMF və USAİD-ə aiddir, FMF üzrə bütün pullar artıq xərcləndi, USAİD isə humanitar yardımdır.
Kamran Cəfərli