Zelenski İlham Əliyevə zəng etdi, başsağlığı verdi

  • By Günel
  • 01 İyul 2025 19:16

İyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Volodimir Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb.

Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib.

Prezident Volodimir Zelenski, həmçinin Ukrayna vətəndaşlarının İrandan təxliyəsi məsələsində Azərbaycanın dəstəyinə görə dövlətimizin başçısına təşəkkür edib.

Telefon söhbəti əsnasında ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Hökumətlərarası Komissiyanın iclasının tezliklə Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bir daha qarşılıqlı dəstək ifadə edilib.

Ukrayna Prezidenti, eyni zamanda, Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardımlara görə də minnətdarlığını bildirib.

***

Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı sosial şəbəkə hesabında yazıb.

“Mən Azərbaycan Prezidenti cənab İlham Əliyevlə danışdım və Ukraynaya, xalqımıza və ərazi bütövlüyümüzə göstərdiyi dəstəyə görə ona təşəkkürümü bildirdim. Bununla yanaşı, Rusiya tərəfindən Azərbaycan vətəndaşlarına qarşı törədilən qəddarlıq və Azərbaycan Respublikasına yönəlmiş təhdidlər fonunda Ukraynanın açıq dəstəyini ifadə etdim.

Rusiya ərazisində Səfərov qardaşlarının qətlə yetirilməsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verdim. Əminəm ki, bu məsələ ilə bağlı bütün faktlar tam şəkildə araşdırılacaq və ədalət öz yerini tapacaq.

Prezident Əliyevlə bizim ortaq mövqeyimiz var: hər bir insanın həyatı və ləyaqəti qorunmalıdır.

Eyni zamanda, biz ikitərəfli münasibətlərimizi, o cümlədən enerji və humanitar əməkdaşlığı da müzakirə etdik. İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılığa gəldik. Hökumət nümayəndələrimiz bu istiqamətdə işlərini daha da intensivləşdirəcəklər”, paylaşımda qeyd olunub.

Gununsesi.info