Hacı Vəliyev karserdə işgəncəyə məruz qalıb – Vəkili açıqladı

Həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı və”Gənc Qazilər” İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevin cərimə kamerasında (karser) işgəncəyə məruz qaldığı bildirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə iyunun 30-da onun vəkili Aqil Layıc xəbər verib.

Vəkil bildirib ki, Vəliyev iyunun 23-27-i tarixlərində karserdə saxlanılıb. Buna səbəb isə onun Bakı İstintaq Təcridxanasının rəisinin ondan daxil intizam qaydalarını pozduğu haqda sənədə imza atmasını istəməsi olub.

Vəliyev sənədə imza atmaqdan imtina edib. Fəal vəkilinə deyib ki, karserdə ona Tural adlı gizir fiziki zorakılıq göstərib. Layıc qeyd edib ki, Vəliyevin başında iki sıyrıq izi var və fəalın dediyinə görə, onlar işgəncə zamanı başı kafelə dəyərkən əmələ gəlib.

Vəkil, həmçinin, bildirib ki, Vəliyev iyunun 21-dən “ədalətsiz mühakiməsinə qarşı” aclıq aksiyası keçirir və bunun nəticəsində, demək olar ki, yeriyə bilmir. O, Ədliyyə Nazirliyini və Ombudsmanı adekvat addımlar atmağa çağırıb.

 

 

 

Elmar

Gununsesi.info