Ukrayna hərbçiləri ilk Şimali Koreya əsgərini əsir götürüb

Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayətində yaralı Şimali Koreya əsgərini əsir götürüblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi Cənubi Koreya kəşfiyyatına istinadən məlumat yayıb.

Əsir düşən Şimali koreyalı haqqında məlumat daha əvvəl internetdə yayılıb.

Dekabrın 27-də Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti bu faktı təsdiqləyib.

“Dost ölkənin kəşfiyyat təşkilatı ilə real vaxt rejimində məlumat mübadiləsi vasitəsilə biz yaralı Şimali Koreya əsgərinin əsir götürülməsini təsdiqlədik və vəziyyətlə bağlı gələcək inkişafı diqqətlə nəzərdən keçirmək niyyətindəyik”, – deyə məlumatda bildirilib.

Dünən, dekabrın 26-da Ukraynanın bir sıra Telegram kanalları və KİV-ləri Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin əsgərlərinin Kursk vilayətində gedən döyüşlər zamanı ilk Şimali Koreya əsgərini əsir götürməsi barədə məlumat yayıb.

Əsgər əsir götürülməzdən əvvəl yaralanıb. Onun şəkli internetdə nümayiş etdirilib.

 

 

Gununsesi.info