İranda prezident seçkiləri başlandı İki namizəd geri çəkildi

  • By admin
  • 28 İyun 2024 10:45

İranda növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.

Gununsesi.info xəbər verir ki, yerli vaxtla səhər saat 8-də 58 mindən çox seçki məntəqəsi açılıb.

14-cü prezident seçkilərində 61 milyon 452 min 321 vətəndaşın səsvermə hüququ var.

Prezidentliyə dörd namizəd iddia edir: islahatçı deputat Məsud Pezeşkian, keçmiş daxili işlər və ədliyyə naziri, sərt xətt tərəfdarı Mustafa Purməhəmmədi, keçmiş nüvə danışıqçısı və Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili və parlamentin spikeri Məhəmməd Bağer Qalibaf.

Tehranın sərt xətt tərəfdarı olan meri Əlirza Zəkani İran prezidentliyi uğrunda yarışdan çıxdığı elan edib.

Bu, mühafizəkar düşərgəyə vahid namizəd məsələsində konsensus əldə edilməsinə kömək məqsədilə 28 iyun seçkisi ərəfəsində verilən artıq ikinci istefadır.

Bundan əvvəl İranın mühafizəkar xadimi, vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi seçkilərə bir gün qalmış prezidentliyə namizədliyini geri götürüb.

İnqilab qüvvələrinin birliyini qorumaq üçün mən seçki kampaniyasından imtina edirəm. Hörmətli İran xalqına, hörmətli Keşikçilər Şurasına, Daxili İşlər Nazirliyinə və seçki qərargahımın bütün üzvlərinə minnətdaram”, – Haşimi X səhifəsində yazıb.

 

Afət

Gununsesi.info