Cəbrayılda Türkiyə-Azərbaycan Meşəçilik Kompleksi açıldı

Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda Türkiyə-Azərbaycan Meşəçilik Təlim Mərkəzi və Tinglik Kompleksinin açılışı olub.

Bu barədə Gununsesi.info -ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsinin dəstəyi ilə yaradılan kompleksin təməli 2022-ci il oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub.

Ümumilikdə 11,4 hektar ərazini əhatə edən kompleksdə 12 min 200 kvadratmetrlik bina və istifadə sahəsi yaradılıb. Buraya təlim mərkəzinin binası, tinglik üzrə inzibati bina, istehsalat emalatxanası və tinglərin satış sahəsi daxildir.

Ting istehsalı üçün isə 47 min 300 kvadratmetr ərazi ayrılıb. Kompleksin illik istehsal gücü 2 milyon ting təşkil edir.

Mərkəzdə hər il 400 nəfərə nəzəri və praktiki meşəçilik təlimləri keçmək mümkün olacaq. Təlimlər iştirakçıların mərkəzdə qalmasını da nəzərdə tutur.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfəri zamanı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında layihəni iki ölkə arasında əməkdaşlığın yeni nümunəsi kimi qiymətləndirib. O, Qarabağın inkişafı istiqamətində Azərbaycana hər cür dəstək göstərməyə hazır olduqlarını da vurğulayıb.