
Məhərrəm ayının ilk günlərini yaşayırıq. İslam dünyasında əzəməti ilə seçilən bu müqəddəs ayın müsəlmanların həyatında xüsusi yeri var.
Hicrətin 61-ci ili (Miladi təqvimlə 680-ci il) Məhərrəm ayında İraqın Kərbəla çölündə baş verən qanlı hadisələr bütövlükdə İslam təqvimində ən mühüm tarixi hadisədir.
Bu ayın tarixiliyi Aşura və ya Kərbəla ilə ölçülür. İmam Hüseyn (ə)-ın qiyamından sonra Məhərrəm ayı mənəvi oyanış ayına çevrildi.
Təbii ki, bu hal təkcə bu ayda deyil bütün aylara da şamil olmalıdır. Məlumdur ki, bu ayda insanlar əza məclislərinə gedirlər. Əlbəttə, bu məclislərə gedənlərin əksəriyyəti övladlarını da özləri ilə aparmaq istərlər.
Təəssüf ki, son zamanlar məscidlərdə, Məhərrəm ayı ilə bağlı dini ayinlərin icra olunduğu məkanlarda yad qüvvələrdən gələn təsirləri də görürük.
Bir neçə gün öncə Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət etdi.
Müraciətdə bildirilirdi ki, “Dini etiqad azadlığı haqqında” Qanuna əsasən dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir.
Komitə valideynlərə azyaşlı uşaqların dini ayinlərin icra olunduğu məkanlara aparılmamasını tövsiyə edib.
Uşaqların dini mərasimlərə aparılmasını qadağan edəcək qanun layihəsi inanclılar arasında ciddi etiraza səbəb olub.
Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli məsələni belə şərh edib:
“Bir ümmət və bir millət olaraq bağrımızdakı dərdə, yaraya toplum olaraq sarılmalı, bir yerdə məsələni çözməli, bir yerdə o atəşləri söndürməyə getməliyik. Bunun ən bariz örnəyini biz 44 günlük müharibədə gördük. Bütün millət bir oldu və Allah da lütfünü, ehsanını xalqımıza nəsib elədi. 1400 il bundan öncə baş vermiş Kərbala hadisəsi əsrlərdir məktəb olaraq öz tövhələrini fərqli şəkildə ifadə eləməkdədir. Günümüzdə də o nurunu, işığını daşıyır. Görünür ki, müəyyən yanlış hərəkətlərdən dolayı gənc nəsli, uşaqları fərqli yönlərə, səmtlərə çəkmələr və yad ölkələrdən bizim gənc nəslin beynini fərqli yerlərə dartmalar, bəlkə də, bu qanunların çıxmasına səbəb olub. Hər halda, inanıram ki, qanun çıxaran insanlar millətin inancına, etiqadına uyğun olaraq hərəkət edir. Çünki bu qanunlar ki, millətin inancı ilə tərs gəlirsə, onlar yerimir, ayaq tutub hərəkət etmir. Amma o qanunlar ki, millətin ruh dünyasına və mənəviyyatına çox bağlıdır. Təbii ki, bu cəmiyyəti daha çox qabağa aparır. Bu gün bizim hədəfimiz Azərbaycanımızda İslam əxlaqının gözəl şəkildə yayılması, insanlarımızın halal- haram bilməsi, vətənə, millətə, dövlətə, bayrağı olan sevgisini formalaşdırmaqdır”.
İlahiyyatçı deyir ki, İmam Hüseyn (ə) ruhuna sadiq olan insanlardan, bu məktəbə və vəfalı insanlardan yüzlərlə şəhidlərimiz var: “Təbii ki, şəhidlərimiz də gənc yaşlarında dinimizi, Quranı tanıdılar. Azanın kölgəsində, belə məclislərdə, məscidlərimizdə yetişib, formalaşdılar. Məktəblərimizdə dərs aldılar. Həm beyinləri, həm də dərsləri bir ittifaq halına gəldi. İnanıram ki, gələcəyə də daha fərqli addımlar atıla bilər. Əgər əndişə olunan budursa ki, gənc nəsil yanlış yollara düşməsin, elə bu, doğru bir yoldur”.
Ağa Hacıbəyli vurğulayır ki, bu gün dinimizi övladlarımıza kifayət qədər öyrətmək imkanımız var: “Gənclərimiz Qurani-Kərimi, hədisləri oxuya bilir. Evlərimiz məktəb halındadır. Şükürlər olsun ki, ölkəmizdə məscidlərimiz fəaliyyətdədir. Məscidlərdə azan verilir. Hər halda, müəyyən məscidlərdə bu qadağalar qoyulubsa, yəqin ki, müəəyyən adımlar da gözlənilir. Düşünürəm ki, narahat olunan hallar var . Qeyd etdiyim kimi, hələ də ölkəmizdə kənar təsirlər tam bitməyib. Biz görürük ki, bu gün işi vəhdətdən ayıran məzhəbçilik düşüncəsinə dartıb aparan zeyniyyət hələ də var. Hesab edirəm ki, bəlkə də, bu qanunların daha çox çıxarılması o kimi amillərin qarşısını almaq üçündür. Nəinki bizim gənc nəslimizin imanlı və irfanlı şəkildə yetişməsinə əngəl olmaq”.
Klinik psixoloq Minayə Kazımlı Gununsesi.info-ya bildirib ki, bu gün bəzi gənc ailələr bu məsələlərdə çox tərəddüd edir və bu məclislərin övladına necə təsir edib etməyəcəyi barədə narahatçılıqlar keçirirlər:
“Bir psixoloq kimi deyə bilərəm ki, uşaqlarımızı əza məclislərinə aparmağın hansı psixoloji təsiri olacağını müəyənləşdirmək üçün ilk olaraq biz əza məclislərində nə etdiyimizə, orada nələrdən söhbət getdiyinə baxmalıyıq. Bu haqda məlumatı olan bir insan danışmalıdır. Məlumatı olmayan insanlar çox şey deyə bilərlər. Bu cür məlumatsız şəkildə danışmaq, fikir bildirmək düzgün hesab deyil. Əza məclislərində İmam Hüseyn (ə)-nin Kərbalada yaşadığı hadisələr nəql edilir. Yəni, danışanları biz dinləyirik. O cümlədən, hadisələrin necə baş verdiyini, haqq uğrunda və İslam dininin yaşadılması uğrunda necə mübarizə aparıldığı haqqında danışılır. Bu dini dəyərlərin uğrunda və insanlığa aid olan dəyərlərin yaşadılması uğrunda bir mübarizədir. Burada təkcə dini dəyərlər deyil, insani dəyərlər də rol oynayır. Vəfalılıq, ədalətli olmaq, haqq uğrunda mübarizə aparmaq, sevgi, dürüstlülük , dostluq bu hadisələrdə göstərilir. Uşaqların bu hadisələri eşitməsi və dəyərləri bu hadisələrdə mənimsəməsinin onlara böyük faydası var”.
Tərəddüdlü məsələlərə də toxunan Minayə Kazımlı deyir ki, əza məclislərində uşaqların başqalarının ağladığını və ya sinə vurmalrını görməsi bəzən insanlar arasında narahatlıqlar doğurur: “Bunların da yanlış olduğunu düşünmürəm. Çünki sinə vurmaq bizim xalqımızın istər yas məclislərində, istər əza məclislərində etdiyi bir adətdir. Yəni vəfat edən şəxs üçün nə qədər qəlbimizin yandığını, üzüldüyümüzü göstərmək üçün olan bir hərəkətdir. Bunu da övadlarımıza göstərmək əslində üzüntümüzü necə ifadə etməyin lazım olduğunu bildirməkdir. Biz bunu göstərməklə üzüntünü uşaqlara doğru şəkildə ifadə etməyi öyrədirik və bu heç də zərərli ola bilməz. Uşağın insanların və ya öz valideynin ağlamasını görməsi təbbi haldır. Zatən uşaqlar insanların, o cümlədən, öz valideynlərinin üzüldüyünü, qəzəbləndiyini, qorxduğunu, həyəcanlandığını, hər hansı bir hissi yaşadığını görə bilir. Qeyd etdiyim kimi bu təbbi haldır”.
Psixoluq insanlar arasında uşaqların yanında üzüntü xarakterli hisslərin göstərilməməsi düşüncəsini batil bir inanc hesab edir: “İnsan olaraq Allah bizə bu hissləri, emosiyaları verib. Üzülməyimiz lazım olanda üzüntümüzü, qorxulu bir situasiyada qorxumuzu göstərə bilərik. Normal haldır. Burada bizim o hissləri bastırmağa çalışmağımız, əslində, elə uşağa ziyandır. Çünki uşaq o hisslərin necə ifadə edilməsi lazım olduğunu bizdən görüb öyrənməlidir. Amma bunu bizdən görüb öyrənmirsə, kənardan müxtəlif filmlərdən, seriallardan, ekranlardan və ya yanlış informasiya verən yerlərdən öyrənir. Nəticədə isə xoş hallar baş vermir”.
Bəzi uşaqlarda aqressiv hisslərin qabarıq olmasını ailədə ya da özündəki psixoloji problemlər ilə əlaqələndirən psixoloq bildirir ki, bu kimi hallar üçün narahat olmaq lazımdır: “Uşaqlardakı bu halları əza məclislərinin təsiri ilə əlaqələndirmək sadəcə absurtdur. Əksinə, uşağın elə əvvəldən, kökdən, ailədən gələn problemlərinin təsiridir. Valideyn uşaqlardakı gərginliklərin kökünü araşdırmalıdır. Onların baxdıqları kinolar, oyunlara ciddi şəkildə nəzarət olunmalıdır. Əgər ciddi narahatçılıqları varsa, mütəxəssislərə müraciət etmələri tövsiyə olunur”.
Şəbnəm Rəhimova
Gununsesi.info