Qərb təzyiq göstərməlidir - GÜRCÜSTAN PREZİDENTİ SƏSLƏRİN YENİDƏN SAYILMASINI TƏLƏB EDİR

  • By admin
  • 30 Oktyabr 2024 11:05

Gürcüstan prezidenti Salome Zurabişvili Qərbi hakim “Gürcü arzusu” partiyasına “oğurladığı” səsləri yenidən saymaq üçün təzyiq göstərməyə səsləyib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə AzadlıqRadiosuna danışan xanım prezident bu baş verməsə, ölkənin Avropa perspektivini itirəcəyini deyib.

Zurabişvili və müxalifət 300 minədək səsin hakim partiyanın xeyrinə yönəldiyini, nəticədə “Gürcü arzusu”nun 54 faiz səs topladığını söyləyir.

“Qərb təzyiq göstərməsə, Gürcüstanı öz tərəfində saxlamaq və Avropa perspektivimizi qorumaq üçün bütün imkanlarını sınamamış olacaq”.

Zurabişvili bildirib ki, exit-poll sorğuları Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi nəticələri ilə haçalanır. Müxalifətin iki exit-poll-u hakim partiyanın 42 faiz, rəsmi bilgilərsə 54 faiz səs topladığını açıqlayıb. Üstəlik, həmin sorğular dörd müxalif partiyanın səslərinin aydın çoxluğunu qazandığını söyləsə də, MSK bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bildirib.

ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, “qeyri-bərabər rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb”. Seçki günü səslərin satın alınması, ikili səsvermə, fiziki zorakılıq və hədə-qorxu hallarına rast gəlindiyinə də diqqət çəkilib

ABŞ, Aİ, Kanada və İsveç ölkədəki seçkilərdən sonrakı durumu tənqid ediblər.

Seçkilərin “Rusiya özəl əməliyyatı”nın qurbanına çevrildiyini söyləyən Zurabişvili nəticələri tanımaqdan boyun qaçırıb.

Rusiya seçkilərə təsir göstərməsinə dair ittihamları rədd edib.

“Gürcü arzusu” partiyası 2012-ci ildən hakimiyyətdədir. Qərbyönümlü siyasət apardığını söyləsə də, son iki ildə hakimiyyət ölkənin siyasi kursunu Rusiya istiqamətində dəyişib.

 

Günay Mahirqızı

Gununsesi.info