Ukraynanın hava hücumu nəticəsində rusiyalı jurnalist həlak olub

Rusiyalı jurnalist Aleksandr Martemyanov Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində həyatını itirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Martemyanovun həyatını itirdiyi hücumda 5 jurnalist yaralanıb.

Rusiya Ukrayna ordusunu “qəsdən” Martemyanovu hədəfə almaqda ittiham etsə də, Ukrayna məsələ ilə bağlı açıqlama verməyib.

Rusiyanın “İzvestiya” qəzeti müxbir Aleksandr Martemyanovu daşıyan mülki avtomobilin Ukraynanın şərqindəki Donetsk vilayətində magistral yolda, cəbhə xəttindən uzaq bir nöqtədə hərəkətdə olarkən Ukrayna ordusuna məxsus PUA-nın hədəfinə alındığını bildirib.

Hücum zamanı 5 jurnalistin yaralandığı bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verdiyi açıqlamada hücumun Ukrayna prezidenti Vladimir Zelenski hökuməti tərəfindən həyata keçirilən “vəhşi cinayət” olduğunu bildirib.

ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi qeyri-hökumət təşkilatının məlumatına görə, 2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan bəri ən azı 15 jurnalist hücumlar nəticəsində həyatını itirib.

Orxan Saffari

Gununsesi.info