
Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden zehni zəifləməsi səbəbindən ölkənin idarəçiliyinə tam nəzarəti itirib.
Gununsesi.info xəbər verir ki, bunu amerikalı iqtisadçı və Kolumbiya Universitetinin professoru Cefri Saks deyib.
“Prezident Bayden həm ruhi vəziyyətinin aşağı düşməsi, həm də “axsaq ördək” dönəmindən artıq tam nəzarətdə deyil”– deyə Saks vurğulayıb.
Ekspertin fikrincə, nəticədə ABŞ ölkə idarəçiliyində “təhlükəli qırılma” vəziyyətindədir və Vaşinqtonda müttəfiq hesab olunanlar bundan istifadə etməyə çalışırlar.
Saks xüsusilə Vladimir Zelenski və İsrailin baş naziri Benyamin Netanyahuya işarə edib, həmçinin Böyük Britaniya və Polşanı nümunə kimi göstərib.
İqtisadçı hesab edir ki, onlar ABŞ-ı üçüncü dünya müharibəsinə gətirib çıxara biləcək ehtiyatsız hərəkətlərə meyilləndirirlər.
Qeyd edək ki, bir müddət əvvəl amerikalı jurnalist Benni Conson sosial şəbəkələrdə Co Baydenin təyyarəyə minməsinin videosunu yayıb və onun səhhətində ciddi problemlərin olmasından şübhələndiyini bildirib. Onun fikrincə, dövlət başçısının başına dəhşətli bir şey gəlib.
Consonun sözlərinə görə, Bayden çətinliklə yeriyə bilir. O, əlavə edib ki, Amerika hakimiyyəti bunu bilərəkdən gizlətməyə çalışır.
Öz növbəsində CNN bildirib ki, ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki qərargahının üzvləri Co Baydenin xaricdə daha uzun müddət qalmasını və onun seçki kampaniyasına müdaxilə etməməsini istəyirlər.